"Siyasi partiyalarda daxili demokratiya olmalıdır, hər kəs sözünü deməyi bacarmalıdır. Demokratiyadan danışıb anti-demokratik addımlar atmaq siyasətçini gözdən salan amildir. Biz şahidi olduq ki, Müsavatın müşavirəsində çox əcaib hadisələr baş verdi. Kim azad şəkildə fikrini demək istəyirdisə, İsa Qəmbər qışqıraraq onu haqsız çıxarmağa çalışırdı".Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.Müsavatın keçirtdiyi ümumrespublika müşavirəsinə münasibət bildirən E. Mirzəbəyli qeyd edib ki, müşavirədə İ. Qəmbər haqlı tənqidlərə söz çatdıra bilməyəndə, Arif Hacılı replikalarını işə salırdı: "Müsavatın müşavirəsi göstərdi ki, İsa Qəmbər partiyada özünü kriminal avtoritet kimi aparır. İsa Qəmbər orada bir cümlə işlətdi ki, belə olduğu halda narazıların fəaliyyətləri gec, ya da tez Nizamnamə ilə ziddiyyət təşkil edəcək. Bu cümlənin özündə böyük təhdid var. O, Tural Abbaslıya, ən əsası Qubad İbadoğluya demək istəyirdi ki, siz də çox etiraz etsəniz taleyiniz Səxavət Əlisoyun taleyi kimi olacaq. Çünki Səxavət Əlisoyu "Nizamnamənin əleyhinə fəaliyyət göstərir" damğası ilə partiyadan xaric etdilər. Müşavirədə Qubad İbadoğlu haqlı olaraq bildirdi ki, Müsavat dəyişməlidir. Faktiki olaraq bu gün Müsavat deyilən bir partiya mövcud deyil. Nə siyasi proseslərdə iştirak edə bilirlər, nə seçkilərdə aktiv ola bilirlər, nə də sözün bütün mənalarında meydanda olmağı bacarırlar. Başları daxili savaşlara qarışıb. Çünki Müsavatda başqan olmaq böyük "qrant sahibi" olmaq deməkdir və uzun müddət insanları aldadaraq insanların bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq deməkdir".
sia.az