"Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşma prosesini davam etdirməklə münaqişənin yenidən alovlanmasına şərait yaradır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O bildirib ki, dünya ictimaiyyətinin bu məsələlərin münaqişənin yenidən alovlanmasına səbəb olacağını bildirməsinə baxmayaraq, ermənilər bəd əməllərini yenə də davam etdirirlər: "İşğal olunmuş ərazilərimizdə məskunlaşdırmaya Ermənistandakı miqrasiya problemi də təsir edir. Çünki, Ermənistandan gedənlərin sayı həddindən artıq çoxdur. Amma onlar yenə də məskunlaşdırma prosesini davam etdirirlər. Bununla da bir növ orada olan əsgərlərin əhval-ruhiyyəsini qoruyub saxlamağa çalışırlar. Eyni zamanda bu ərazidə yeni hərbi ehtiyatlar hazırlayırlar". Politoloq qeyd edib ki, məskunlaşdırma prosesində yer adlarının dəyişdirilməsi Azərbaycan tərəfinə psixoloji təzyiq xarakteri daşıyır: "Yəni bununla onlar göstərmək istəyirlər ki, onlar kifayət qədər öz yerlərində möhkəm oturublar. Guya Azərbaycan ordusunun potensialının artması onları qorxutmur. Bu, çox alçaq bir metoddur".
sia.az