"Qərb çoxdandır cəhd edir ki, Türkiyə-Ermənistan sərhədləri açılsın. Türkiyənin içərisində də bunu istiyənlər az deyil. Bu adamlar təkcə marginallar deyil, həmçinin hakimiyyətdə təmsil olunanlardır". Sözügedən fikirləri SİA-ya millət vəkili, siyasi analitik Sahib Alıyev son günlər Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinin gündəmə çıxmasına münasibət bildirərkən deyib.Sahib Alıyev xatırladıb ki, hələ 2009-cu ildə bu barədə Türkiyənin bir sıra diplomatik nümayəndələri də fikir bildiriblər: "Məsələn, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çevikgöz 2009-cu ildə yazdığı bir məqaləsində sərhədlərin açılmamasından dərin təəssüf hissi keçirdiyini yazmışdı. Təbii ki, hər bir dövlətin öz maraqları var və bu maraqlar öndə durmalıdır. Bu cəhətdən, Türkiyənin qərarlarına hörmətlə yanaşırıq. Lakin kimlərsə fikirləşir ki, sərhədlərin açılması ilə ermənilər uydurma soyqırım iddialarından əl çəkəcəklər, onlar bu fikirlərində yanılırlar. Ermənilər buna getsələr belə, bu gün onların arxalarında durub sərhədlərin açılmasını istəyənlərin özləri bununla razılaşmayacaqlar. Çünki uydurma erməni soyqırım məsələsi Türkiyəyə qarşı bir təzyiq vasitəsidir. Türkiyə qüdrətli dövlətdir. Məgər onların rəhbərliyi bunun fərqində deyilmi?"Millət vəkili daha bir ilginc xatırlatma edərək qeyd edib ki, ötən həftə Yunan Kipri parlamentariləri Ermənistanda səfərdə idilər və onlar bir çox məsələləri müzakirə edərək, həm Azərbaycan, həm də Türkiyə haqqında tənqidi fikirlər səsləndiriblər: "Həmin görüş əsnasında Yunan Kipri ilə ermənilər arasında Türkiyəyə qarşı birgə fəaliyyət haqqında razılığa gəlindi. Bu, bir daha onu göstərir ki, sərhədlərin açılması ilə Türkiyə heç nəyə nail ola bilməyəcək. Eyni zamanda, sözügedən amil Azərbaycanın bir çox məsələlərdə Türkiyədən daha prinsipial mövqedə olduğunu təsdiq etdi. Dağlıq Qarabağ məsələsindəki mövqeyimizə görə, Yunan Kipri bizi tənqid edir. Ona görə edir ki, Azərbaycan Kiprin türk kəsiminə əlindən gələn yardımlarını göstərir. Yeganə dövlət Azərbaycandır ki, bu məsələdə Türkiyə ilə çiyin-çiyinə çalışır. Bu baxımdan, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın maraqlarına nə qədər cavab vermirsə, Türkiyənin maraqlarına da o qədər cavab vermir".
sia.az