İlham Əliyev: "Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək"
Prezident İlham Əliyevin vətəndaşlarla açıq şəkildə təmas qurması onlarda dövlətə olan dərin inamı daha da möhkəmləndirir. Belə ki, ötən illərdə olduğu kimi, 2014-cü ildə də Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərinin və rayonlarda əhali ilə keçirilən görüşlərin intensiv xarakter alması, eləcə də dövlət başçısının yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi bu sahə üzrə qəbul edilmiş proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Dövlət başçısı ilin əvvəllərindən indiyədək respublikamızın bir çox rayonlarına səfərlər edib və ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. Prezident İlham Əliyev rayonlara səfərləri çərçivəsində iri istehsal və xidmət müəssisələrinin açılış və təməlqoyma mərasimlərində də iştirak edib.
Ölkə Prezidenti Cənab İlham Əliyev noyabrın 15-də su-elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində çıxışı zamanı bildirib ki, bu, Azərbaycanın gələcək inkişafı, iqtisadi inkişafımız üçün əvəzolunmaz bir infrastruktur obyektidir: "Bu, çox böyük investisiya tutumlu layihədir. 700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur və Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır. Biz keçən ilin sonunda Taxtakörpü su anbarının və kanalların açılışını qeyd etmişdik. O, 1 milyard manat dəyərində olan layihədir. Bu gün isə biz Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu iki mühüm layihə əlbəttə ki, bugünkü Azərbaycanın gücünü və bizim siyasətimizin istiqamətini göstərir".
Güclü dövlət,
qüdrətli strategiya
Dövlət başçısının hər bir səfəri regionların inkişafı ilə bağlı tədbirlərin daha da sürətlənməsinə səbəb olur, rayonlarda insanların işgüzarlığı, iqtisadi fəallığı üçün əlavə stimul verir. Bu baxımdan da əvvəlki görüşlərdə olduğu kimi, bu görüşdə də dövlət başçısı çıxışı zamanı xüsusi olaraq vurğulayıb ki, Azərbaycan çox böyük sürətli inkişaf yolundadır: "Biz xalq üçün, dövlətimizin möhkəmləndirilməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq. Əminəm ki, gələcəkdə belə böyük layihələrin sayı artacaq. Bizim böyük planlarımız var. Gələcəyə baxışlarımız çox nikbindir. Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək və biz bütün məqsədlərə çatacağıq".
Əhali ilə görüşlərində respublikamızın bütün bölgələrində, o cümlədən Şəmkir rayonunda da görüşü zamanı yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verildiyini, iş yerlərinin açıldığını, abadlıq işlərinin aparıldığını xatırladan dövlət başçısı bu tədbirlərin birbaşa yerli sakinlərin, ümumilikdə, bütün ölkə vətəndaşlarının rahat və yaxşı yaşamalarına xidmət etdiyini bildirib. Həyata keçirilən bütün tədbirlər insanların sosial rifahının yüksəlməsi üçün nəzərdə tutulub. Recionlara görüşü zamanı "Çünki bizim siyasət sosialyönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən Prezident İlham Əliyev hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasətinin gücləndiriləcəyini bəyan etmişdir: "Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır".
Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı regionlardakı kənd və qəsəbələrin, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına səbəb olur.
RƏFİQƏ KAMALQIZI