"ABŞ-da baş verənlərə bir neçə parametrdən yanaşmaq lazımdır. Dünyaya inqilablar ixrac edən ABŞ-ın özündə yaxın gələcəkdə şiddətli xaosun, anarxiyanın baş verməsi qaçılmaz olacaq. ABŞ haqqı tapdanan vətəndaşlarının hüquqlarını qorumaq, dini, irqi münaqişələrə son qoymaq əvəzinə, beynəlxalq aləmdə təxribat törətməklə məşğuldur".Bu fikirləri SİA-ya açıqlamasında ABŞ-da dini və irqi zəmində baş verən iğtişaşlara münasibət bildirən ekspert Vüqar Əsgərov deyib.O qeyd edib ki, ABŞ öz problemlərini həll etmək əvəzinə, daha çox Şərq dövlətlərinə problem yaratmaqla dünyada özünə "sülh elçisi" imicini yaratmağa çalışır: "Ancaq faktiki olaraq ABŞ-ın bir neçə ştatında işsizlik baş alıb gedir, insanların hüquqları ayaqlar altındadır, orada insanlar fərqli qətllər törətməklə dünya mətbuatının gündəmini zəbt etməyə çalışırlar. ABŞ büdcəsini müsəlman dövlətlərində inqilablar törətməyə sərf edir, şirkətlər, sindikatlar vasitəsilə öz çirkin niyyətini reallaşdırır. Hesab edirəm ki, indi belə bir həssas dönəmdə BMT müdaxilə etməlidir. Niyə də etməsin? Eyni zamanda BMT-yə üzv olan dövlətlər ABŞ-ı insan haqlarını qorumağa, vətəndaşlarının haqqını tapdamamağa çağırmalıdır".
sia.az