"Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrləri xəstə təfəkkürə malikdir". Bunu SİA-ya politoloq Qabil Hüseynli ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması vurulmuş helikopterin ekipaj üzvlərinin cəsədlərini götürməyə kömək etməyəcək" fikrinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, çox güman ki, onlar bunu bilərəkdən ediblər: "Əgər siz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyirsinizsə, o zaman beynəlxalq hüquq normalarına, Azərbaycanın ərazi bütövlüyü məsələsinə söykənərək fikirlər söyləməlisiniz. Onların hər dəfə söylədikləri fikirlər Azərbaycanın ərazi bütövlüyünə şübhə yaradır. Bu nöqteyi-nəzərdən həmsədrlərin dediyi fikirlərin heç biri bir-birindən fərqlənmir. Artıq bu, birinci belə hal deyil. Azərbaycan bu məsələdə ATƏT-ə, onun rəhbərliyinə, eləcə də Minsk qrupunun həmsədri olan dövlətlərə xəbərdarlıq etməlidir".Qabil Hüseynli Ermənistanda Serj Sarkisyana ittiham xarakterli həyata keçirilən kütləvi aksiyalara da münasibət bildirərək deyib ki, işğalçı ölkənin iflası daha çox rəsmi Moskvadan asılıdır: "Hesab edirəm ki, Ermənistan müxalifəti heç də zəif deyil. Nəzərə almaq lazımdır ki, müxalifətin elektral bazası ilə Sarkisyanın elektral bazası arasında ciddi ziddiyyətlər mövcuddur. Bu nöqteyi-nəzərdən müəyyən ehtimallarla hakimiyyətin dəyişəcəyi mümkündür".Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb: "Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması vurulmuş helikopterin ekipaj üzvlərinin cəsədlərini götürməyə kömək etməyəcək. Biz tərəfləri dialoq və diplomatiyaya çağırırıq".
sia.az