"Hazırda internet media sahəsindəki inkişaf danılmazdır. Xəbər saytlarının artması sevindirici haldır. Bununla yanaşı, bir sıra problemlər də mövcuddur". Bu fikirləri SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev hazırda ölkəmizdə informasiya təhülkəsizliyinin təminatında mətbuatın rolundan bəhs edərkən deyib.Onun sözlərinə görə, Azərbaycanda internet mediada fikir azadlığına qanunla heç bir məhdudiyətin qoyulmaması, fəaliyyət azadlığının mövcudluğu problemlərin əsasını təşkil edir: "Sürətli inkişaf meyli ilə yanaşı, saytlarda dövlətin, milli təhlükəsizliyin maraqlarına cavab verməyən xəbərlərə rast gəlinir. Digər tərəfdən jurnalistin daima xəbər axtarışında olması əslində müsbət haldır. Bu gün internet media iki ziddiyətin arasında qalıb. Bir tərəfdən inkişaf, digər tərəfdən təhlükəsizlik baxımından naşılıq. Bu ilin avqust ayında cəbhə bölgəsində baş verən hadisələr və Azərbaycan əsgəri tərəfindən sərhədlərimizi pozan Ermənistan helikopterinin vurulması jurnalistlərimizin maarifləndirilməsinə ehtiyac olduğunu bir daha göstərmiş oldu".Aydın Quliyev həmçinin vurğuladı ki, internet mediada çalışan jurnalistlər bu mövzularda daha diqqətli olmalıdır: "Belə ki, dövlətin informasiya təhlükəsizliyi ən vacib məsələ kimi nəzərə alınmalıdır. Bəzən səsləndirilir ki, internet mediada bir sıra məsələlərin qarşısının alınması üçün müəyyən məhdudiyyətlər qoyulmalıdır. Dövlət bu sahədə məhdudiyyətlər qoysa, o zaman digər problemlər ortaya çıxa bilər. Belə ki, beynəlxalq təşkilatlar fikir azadlığının məhdudiyyəti ilə bağlı dövlətimizi qınaq obyektinə çevirəcək. Fikrimcə, dövlətin bu sahədə hər hansı bir dəyişiklik etməyə ehtiyac duymaması üçün jurnalistlər peşə fəaliyyətlərində məsuliyyətli olmalı, öz vətəndaş borcunu yerinə yetirərək, vətənpərvərlik nümayiş etdirməlidir".
sia.az