Bu gün Bakıda "İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi" mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və qrant layihəsi əsasında gerçəkləşib. Elmi-təşkilati dəstək isə Bakı Avrasiya Universitetinə məxsusdur. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, İtaliya, Türkiyə və Qırğızıstandan olan gənc alimlər iştirak ediblər.Beynəlxalq konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq, qonaqları salamlayıb. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi alimlərimizlə yanaşı, gənclərimizə də böyük dəstək vermiş olur: "Mövzu ətrafında maraqlı müzakirələrin olacağına inanırıq. Bu günün ən aktual mövzularından olan informasiya cəmiyyəti, məhz elmi nəzəriyyədən çox praktiki nəzəriyyəyə əsaslanır. Bunun üçün müxtəlif braşürlərin, bukletlərin hazırlanıb gənclərə paylanılması vacib şərtlərdəndir". Fondun rəhbəri layihənin gerçəkləşməsində əməyi olan Bakı Avrasiya Universitetinin rəhbərliyinə və tələbələrinə minnətdarlığını bildirərək konfransın gedişatına uğurlar arzuladı.Daha sonra "İnformasiya cəmiyyətinin dərk olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki yanaşmalar və böyük məlumatların təhlil olunması", "İnformasiya əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması", "İnformasiya cəmiyyətinin mürəkkəbliyi" , "İnformasiya müdafiə və hücum vasitəsi kimi" mövzularında plenar məruzələr dinlənildi.Konfrans seksiyalarla davam edəcək.
sia.az