"Azərbaycan prizmasından baxanda istənilən bir fondun, hər hansı bir qeyri hökumət təşkilatının atdığı addımlar, keçirdiyi konfranslar Türkiyə cəmiyyətinə təsir etdiyinə görə dərhal qardaş ölkənin rəhbərliyindən reaksiyalar gözləyirik. Hər zaman belə hesab olunmağa başlayır ki, yəqin belə tədbirlər meydana çıxırsa və ona səssizlik nümayiş etdirilirsə, bu həm də Türkiyə hakimiyyətinin guya mövqeyidir". Bu fikirləri SİA-ya Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dari son günlər qardaş ölkədə səslənən fikirləri şərh edən millət vəkili Zahid Oruc deyib.Onun sözlərinə görə, 80 milyona yaxın əhalisi olan Türkiyədə bir-birinə zidd olan çoxlu sayda ideologiyalar var: "Onların antoqonizmi nəinki digər ölkələrə münasibətdə, hətta Türkiyənin özündə də çox ciddi problemlər, kəskin reaksiyalarla qarşılaşır. Ona görə də bu səpkidə keçirilən tədbiri qəti şəkildə Türkiyə iqtidarının mövqeyi saya bilmərik və saymamalıyıq. Çünki buna əsaslarımız var. 2011-ci ildə imzalanan Sürix protokolları imzalanandan sonra Azərbaycan və Türkiyə iqtidarları arasında keçirilən danışıqlar, məsələ ətrafındakı cəmiyyətlərdəki ünsiyyətlər dəqiq bir mövqeyə gəlib çıxmağa imkan verdi. Hətta ona qədər sərhədlərin açılması məsələsində Türkiyənin müəyyən bir fərqli siyasət yürütməyini istəyənlər, bununla guya Ermənistanın qazanılacağını düşünənlər, onun iqtisadi ticarət həyatına müdaxilə edə biləcəklərini düşünənlər, bu vasitə ilə Ermənistanı Türkiyə əleyhinə siyasi alət olmaqdan çıxaracağına bel bağlayanların illuziyaları dağılmış oldu. Hesab edirəm ki, o dövr ölkə rəhbərliyinin siyasi gücü, iradəsi ilə belə bir reallığı ortalığa çıxara bildik".Z.Oruc bildirib ki, əgər Türkiyə-Ermənistan sərhədləri açılsa, bundan nəinki Azərbaycan, daha çox türk dünyası ziyan görəcək: "Əgər sərhədlər açılsa, Ermənistan bundan özünə daha çox meydan əldə edəcək. Ermənilər bundan növbəti güclənmə və yeni-yeni zərbələr üçün faydalanacaqlar. Ona görə də bu məsələ fonunda Türkiyə iqtidarının dilindən çox kəskin şəkildə sərhədlərin açılmayacağı və bu məsələnin Dağlıq Qarabağ işğalına bağlı olduğunu dəfələrlə eşitmişik. Hesab edirəm ki, yenə də belə olacaq. Əminəm ki, yaxın günlər ərzində Türkiyə iqtidarının dilindən oxşar bəyanatları eşidəcəyik. Çünki, onların masası üzərinə yatırılan dosyelərdə Azərbaycandan olan bu etirazların və narahatlıqların bir daha baş qaldırdığını və bunu üçün əsaslar olduğunu görərəkdən belə bir reaksiyanın şahidi olacağıq".Z.Oruc hesab edir ki, bu məsələnin başqa bir tərəfi də var: "Bu gün Rusiya üzərinə gələn Avropa dairələri sanksiyaların dili ilə danışırlar. Əlaqələrin kəsilməsi, Rusiyanın cəzalandırılması, onun Ukrayna siyasətindən geri durması üçün təzyiqlərin göstərilməsini stimullaşdırırlar. Günümüzdə bir ölkənin üzərinə çox sərt şəkildə, onunla bütün əlaqələrin az qala dayandırıldığını və soyuq müharibənin dili ilə danışıldığını görməkdəyik. Belə olan təqdirdə necə olur ki, "Rasting Fondu"na və onun çevrəsində qərarlaşmış qurumlara, Qərbdən çox ciddi dəstək verilir və onlar Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılmasına doğru addımlar atsınlar, buna cəmiyyəti inandırmağa çalışsınlar. Yəni, bu dərəcədə ikili siyasət ola bilməz. Yəni bir cinahda əlaqələr, inteqrasiya, münasibətlər təlqin olunur, digərində isə Rusiyanı küncə sıxmaq, onun cəzalandırılmasını tələb edirlər. Halbuki rus qoşunları Ukraynada yoxdur. Amma Ermənistan qoşunları Azərbaycan ərazilərindədir. Bunu vurulan helikopterdəki üç zabit də sübut edir"."Hesab edək ki, sərhədlər açılıb. Keçirilən tədbirin də adından göründüyü kimi "möhürlənmiş sınırlar" ortadan qaldırıldı. Bu halda kim zəmanət verə bilər ki, Ermənistan konstitusiyasını dəyişərək Ağrı dağını Ararat adı ilə öz "mübarizə"lərinin baş vəzifələrinə çıxarmayacaqlar. Eyni zamanda Azərbaycan qarşı aqressivlikləri dərinləşəcək. Sual oluna bilər ki, niyə? Çünki, Azərbaycanın qardaş ölkəsi, strateji müttəfiqi, dili, dini, qanı bir olan Türkiyə sərhəd məsələsində belə bir güzəştə gedəcəksə, ermənilər deyəcək ki, Azərbaycan başqa ölkədən nəyi gözləsin? Onlar nəinki Dağlıq Qarabağda möhkəmlənəcək, eyni zamanda başqa işğalçılıq iddialarına da baş vuracaqlar. Burada söhbət Dağlıq Qarabağ düyününün daha da çətinləşəcəyindən getmir. Ermənistan üçün yeganə nəfəslik İrandır ki, onun vasitəsi ilə hər hansı bir işlərini görməyə çalışır. Türkiyə cinahı da açılsa, Ermənistan üçün imkanlar daha da genişlənmiş olar. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasında elə tellər, bağlar var ki, onu heç bir vasitə və ölkə ilə əvəzləmək mümkün deyil. Ermənistan Azərbaycanın yerini verə bilməz. Əminəm ki, bunu Türkiyə iqtidarı da bilir. Hesab edirəm ki, Azərbaycanın bu mövqeyinə qarşılıq verəcəklər" – deyə, Z. Oruc vurğulayıb.
sia.az