"Dünyada elə xalq var ki, onun özünəməxsusluğu onun milli-mənəvi dəyərləri, milli mental səciyyəvi xarakterik cəhətləri olduqca diqqət cəlb edən bir səviyyədədir. Çünki, bu dəyərlərin əksəriyyəti bizim xalqımızın yüz, min illərinin sınağından keçərək zamanımıza kimi gəlib çatıb". SİA-nın məlumatına görə, bunu gün "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda konfransda çıxışı zamanı Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva deyib.Bu gün bizim milli bayramlarımız var ki, biz bu ənənələrimizlə həm özümüzü, həm də övladlarımızı sevindiririk: "Bizim min illərin sınağından keçib gələn ailə dəyərlərimiz var ki, burada ağsaqqala, ağbirçəyə hörmət, kiçiyə qayğı görmüşük. Eləcə də ailələrin bir-birinə münasibətində böyük ehtiram və hörmətin şahidi olmuşuq. Biz bu gün bu dəyərləri düşündükcə, haradasa ürəyimizin başında bir iftixar, şərəf hissi də yaranır. İstər milli-mənəvi dəyərlərimizin, istər ailə dəyərlərinin qorunub saxlanılmasında ən böyük, əsas sima qadındır, anadır. Biz qadına qarşı zorakılıqdan danışırıq. Hesab edirəm ki, elə bu zorakılığa qarşı çıxan bilən insanın özü də ana olmalıdır. Bəzən bizim milli mental dəyərlərimizdə özünə yurd salmış ana üçün, eləcə də nənələrimizdən bizə miras qalan elə keyfiyyətlər var ki, biz ailədə baş verəcək hər bir çətinliyin, nöqsanın qarşısını almaq iqtidarındayıq. Amma bir şərtlə ki, bizim analarımız gərək uşaq vaxtından ailədə elə bir şəxsi nümunə görsünlər ki, bu tərbiyə doğurdan da bizim cəmiyyətimiz üçün böyük fəxarətə çevrilsin".
sia.az