PDF Oxu

Siyasət

  • 27

Bahar Muradova: “Gözü çıxan qardaşlarımızın vəziyyəti bizə dərs olmalıdır”

Bahar Muradova: “Gözü çıxan qardaşlarımızın vəziyyəti bizə dərs olmalıdır”

"Hazırda millət vəkillərimiz beynəlxalq təşkilatlara haqlı suallar ünvanlayırlar. Bu sualları verməkdənsə, ölkə içindəki məsələlərlə məşğul olmalıyıq. Çünki onsuzda onlar bu suallara cavab verə bilməyəcəklər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.Vitse-spikerin sözlərinə görə, dövlət, ordu və xalq bir olmalıdır ki, bu təzyiqlərin qarşısında dayana bilsin: "Bu təzyiqlərin səbəbləri bəllidir. Onlar çox dərinə gedir və bu təzyiqlərin gələcəyə, prespektivə uzanan yolları da var. Bu hədəflərin yolunda Azərbaycan kimi müstəqil siyasi iradəsi, mövqeyi olan ölkələrin olması məhdudiyyətlər yaradır. Onlar çalışır ki, bu məhdudiyyətlər nəyin bahasına olursa olsun, aradan qaldırılmalıdır. Bizim vəzifəmiz isə düz yolumuza davam etməkdir"."Avropa Parlamentinin rəhbəri Martin Şults və digərlərinin açıqlamalarında diqqət çəkən məqam odur ki, hər kəs təəssüflə bildirir ki, onların Azərbaycanda 1 nəfər də azadlıqda tərəfdaşları qalmayıb. Onlara demək istəyirəm ki, sizin Azərbaycanda tərəfdaşlarınız yalnız Leyla Yunus və ya onun kimi digər məqsədlərə xidmət edənlərdir? Yoxsa, bütövlükdə Azərbaycan? Biz tərəfdaş kimi M. Şultsu yox, Avropa İttifaqını görürük. Biz öz tərəfdaşlığımıza sadiqik. Tövsiyyəm odur ki, onlar tərəfdaşlıq anlayışlarına nəzər yetirsinlər. Həqiqətən Azərbaycanı tərəfdaş qismində görürlərsə, ona uyğun hərəkət etsinlər. Əgər həbsdə olan 3-5 nəfərlə onların tərəfdaşlığı bitirsə, biz də öz işimizi bilməliyik. Həm onlara, həm də onların "tərəfdaş"larına mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. O ki qaldı Azərbaycan daxilində bizə olan təzyiqləri azaltmaq üçün bizim təzyiqləri azaltmamıza, biz heç kəsə təzyiq göstərmirik. Azərbaycanda hər kəs qanun qarşısında bərabər cavabdehlik daşıyır. Hər kəs də törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Ən böyük cinayəti törətmək dövlətə xəyanət, onun maraqlarını satmaqdır. Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, biz onu bağışlamayacağıq. Bunu da Avropa dəyərlərinə xəyanət hesab edib, bizə belə münasibət bəsləyənlərin mövqeyi açıqdır və bizim də mövqeyimiz ona açıqdır" -deyə, B. Muradova bildirib.Vitse-spiker hesab edir ki, Azərbaycan parlamenti bu mövqeyində ardıcıl olmalıdır: "Avropa İttifaqı və onun müvafiq qurumları ilə əlaqələrimizə də dövlətin, millətin maraqları baxımından yanaşmalıyıq. Müstəqil siyasi iradə sahibi olan bir ölkə kimi sona qədər öz mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Bizdəki bəzi şəxslərin həbsi ilə bağlı manipulyasiyalara cavab olaraq isə deyirəm ki, hüquq mühafizə orqanları və aidiyyatı qurumlar qanunun aliliyi prinsipini əldə rəhbər tutaraq öz mövqelərini bildirməlidirlər. Həqiqətən də ağır bir dövrdə yaşayırıq. Hesab edirəm ki, gözü çıxan qardaşlarımızın vəziyyəti bizə dərs olmalıdır. Ona görə də heç bir halda sayıqlığımızı itirə bilmərik".

sia.az

Digər xəbərlər