Mübariz Əhmədoğlu: "Vatikanın Türkiyəyə indiki münasibətinin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da müstəsna rolu var"
"Roma Papası Fransisk Türkiyəyə səfər etməklə bu ölkənin nüfuzunun gücləndirilməsi istiqamətində çox mühüm addım atıb. Bu addım o deməkdir ki, Türkiyə uzun müddət dünyanın ən vacib dövlətlərindən biri olacaq". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Roma Papası Fransiskin Türkiyə səfərini şərh edərkən deyib.Politoloq Papanın Türkiyə səfərini bu ölkənin yalnız xeyrinə olan addım kimi xarakterizə edib: "Səfərdə əsas məsələ dinlərarası dialoq idi. Roma Papası müsəlman, türk torpağına gəlməklə bütün dinlərə barışıq müraciəti etdi. O, yalnız xristian-müsəlman barışığına vurğu qoymadı. Həmçinin katoliklərlə provaslavların vacib dialoquna işarə vurdu. Türkiyədə olan yəhudi idarəsinin başçısı ilə görüşdü. Bu mənada Roma Papası Fresiskin üç təkallahçı dinlərin təmsilçiləri ilə görüşməsi və dünyaya türk torpağından barış mesajı verməsi çox mühüm məsələdir. Bu səfər bütün müsəlman dünyası, o cümlədən Türkiyə və Azərbaycan üçün də çox əhəmiyyətli idi"."Nəzərə almaq lazımdır ki, Vatikanın Türkiyəyə indiki münasibətinin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da müstəsna rolu var. Serj Sarkisyanın Vatikana səfəri zamanı onun üzünə də baxan olmadı. Çünki, ondan bir qədər əvvəl həm rəsmi Bakı, həm də Heydər Əliyev Fondu Vatikanla hərtərəfli əlaqələr qurmuşdu. Ona görə də Papanın Türkiyə səfərinin uğurlarının bir tərəfi də Azərbaycanla bağlıdır" -deyə, M. Əhmədoğlu vurğulayıb.M. Əhmədoğlu qeyd edib ki, bu səfər zamanı da ermənilərin istəkləri baş tutmadı: "Səfərdən öncə ermənilər deyirdi ki, Roma Papası Türkiyə səfəri zamanı onlara dəstək verəcək. Amma bu belə olmadı. Onun ermənilərlə bağlı səsləndirdiyi fikir yalnız rəmzi xarakter daşıyır. Papa bu addımı da atmasaydı, bu ermənilərə qarşı düşmənçilik elanı olardı. Sadəcə Papa ermənilərə qarşı düşmənçiliyini ortaya qoymadı. Ona görə də Papanın ermənilərlə bağlı gördüyü işlər simvolikdir. Yəni, heç bir əhəmiyyəti yoxdur".Politoloq vurğulayıb ki, Roma Papası Frasiskin səfərinin həssas vurğusu türk torpağında bütün dünyaya dinlərin barışığını irəli sürməsidir.
sia.az