Noyabrın 29-da Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi Litvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə Vilnüs şəhər Ratuşasında keçirilmiş 12-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yarmarkanın keçirilməsinin əsas məqsədi Litvalıların ölkədə akkreditə olmuş xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaları, o cümlədən iştirakçılar tərəfindən satışa çıxarılan milli məhsullardan əldə olunan vəsaitlərin Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına keçirilməsindən ibarət olub.Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlarımızdan paxlava və şəkərbura, yuxa, narşərab, həmçinin içkilər, meyvə şirələri, mineral sular nümayiş olunub.Tədbirin açılışında Litva Respublikasının sabiq Prezidenti Valdas Adamkus xanımı ilə iştirak etmişdir. Açılış mərasimindən sonra Azərbaycan stendinə yaxınlaşan Litva rəsmiləri səfir Həsən Məmmədzadə tərəfindən qarşılanaraq nümayiş olunan məhsullar haqqında qısa məlumat verilib.40-dan artıq diplomatik nümayəndəlik və xarici təşkilatların təmsil olunduğu yarmarkada Azərbaycanın stendi ən çox ziyarət edilən stendlərdən biri olub.
sia.az