"Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra, müasir cəmiyyət qurmaq istiqamətində mühüm işlər görüb. Görülən işlər- siyasi, sosial, mədəni və ölkə həyatının digər istiqamətlərini əhatə etməklə bütövlükdə dövlətin həyatında mühüm rol oynayıb. Dövlətimizin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri də, dövlət gənclər siyasətidir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov dövlətin apardığı uğurlu gənclər siyasətini şərh edərkən deyib.Əli Pənahov qeyd edib ki, dövlət gənclər siyasəti dövlətimizin əsas prioritet istiqamətlərindən biri olmaqla, Azərbaycanın gənc insanlarının hər növ diqqət və qayğıdan yararlanması kimi başa düşülməlidir: "Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq üçün Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan gənclərinin 1-ci forumu keçirilib. Bundan sonra ölkəmizdə geniş vüsət alan müsbətyönlü gənclik təşəbbüsləri daha da genişlənərək, forumlar formasında reallaşmaqla aktual tendensiyaya çevrilib".Əli Pənahov onu da qeyd edib ki, Azərbaycan gəncliyinin böyük bir hissəsini ətrafında toplayan YAP Gənclər Birliyi ölkə cəmiyyətinin, Azərbaycan reallıqlarının layiqli təbliğatçısı və cənab Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun etibarlı dəstəkçisidir: "Yarandığı 1995-ci ildən etibarən, ölkə cəmiyyətində müsbətyönümlü uğurlu fəaliyyəti ilə yadda qalan YAP Gənclər Birliyi bu gün də fəaliyyətini davam etdirərək, ölkə gənclərinin hərtərəfli inkişafının təmin olunmasında mühüm rol oynayır. Bizim təşkil etdiyimiz layihələr siyasi, sosial, xeyriyyə, mədəni və.s istiqamətdə olmaqla bütövlükdə Azərbaycan gəncinin inkişafına xidmət edir. Son illər ərzində YAP Gənclər Birliyi fəaliyyət istiqamətini genişləndirərək, beynəlxalq sahədə olan əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlığın nəticəsi kimi ölkə sərhədlərindən kənarda yerləşən ayrı-ayrı siyasi partiyaların gənclər birlikləri ilə daha geniş əməkdaşlıq mühiti yaranır. Biz YAP GB olaraq, istər Avropanın, istərsə də Asiyanın bir çox gənclər təşkilatları ilə əməkdaşlıq edirik. Bizim nümayəndə heyətimiz onların tədbirlərində, eyni zamanda onların nümayəndə heyətləri də bizim tədbirlərdə aktiv şəkildə iştirak edirlər. Gənclər siyasəti müasir, geniş istiqamətli olmaqla eyni zamanda milli maraq kəsb edən məsələlərdə mühafizəkardır. Cənab Prezident İlham Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğı hər bir Azərbaycan gəncini əhatə etməklə ümumilikdə dövlətimizin gənclər siyasətinə verilən dəyərdir".
sia.az