Sədaqət Vəliyeva: Təşviqatın ilkin günlərində olmağımıza baxmayaraq, sakinlər YAP-ın namizədlərinə səs verəcəklərini bildirirlər
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı böyük mütəşəkkillik və yüksək seçki əhval-ruhiyyəsilə bələdiyyəyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verib.Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2 maddəsinə və Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi təqvim planına əsasən noyabr ayının 30-dan etibarən YAP tərəfindən Nizami və Keşlə bələdiyyələrinə namizədliyi irəli sürülmüş şəxslərin ümumi şəkillərinin və partiyanın "Rifah və quruculuq naminə" şüarlı plakatlarının qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırılması həyata keçirilib.Bu aksiyada YAP Nizami rayon təşkilatlarının onlarla gənc fəalı iştirak edib. Onlar əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə hərəkət edərək Nizami rayonu ərazisində yerləşən 80 məntəqə üzrə ümumilikdə 300-dən artıq plakat yapışdırıblar. Bu işdə əlbəttə ki, daim YAP-ın siyasi xəttini dəstəkləyən və böyük mütəşəkkilliklə seçki prosesində iştirak edən rayon sakinləri də aktiv rol alıblar.Qeyd edək ki, Nizami rayon İcra Hakimiyyəti başçısının 24.10.2014-cü il tarixli sərəncamı ilə bələdiyyə seçkilərilə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, rayon ərazisində seçkiqabağı təşviqatın aparılmasına, qeydə alınmış namizədlərə, siyasi partiya və siyasi partiya bloklarına seçicilərlə görüşlərin keçirilməsinə ödənişsiz əsaslarla bərabər şəraitin yaradılması məqsədilə yerlər müəyyənləşdirilib.Artıq həmin yerlərdə YAP Nizami rayon təşkilatı tərtib olunmuş qrafikə əsasən və partiyanın Mərkəzi Aparatı tərəfindən verilmiş tövsiyələrə uyğun olaraq, seçicilərlə görüşlər də başlanıb. Görüşlərdə Nizami və Keşlə bələdiyyələrinin ötən illər ərzində gördüyü işlərlə bağlı sakinlərə hesabatlar verilir və gələcək fəaliyyət, seçki platforması haqqında danışılır.YAP Nizami rayon təşkilatının sədri, millət vəkili, səlahiyyətli nümayəndə Sədaqət Vəliyevanın sözlərinə görə, rayonda ümumi seçki əhval-ruhiyyəsi yüksəkdir: "Hələ təşviqatın ilkin günlərində olmağımıza baxmayaraq, artıq sakinlər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirirlər. Əlbəttə ki, insanlar tərəfindən bu cür mövqenin ortaya qoyulması səbəbsiz deyildir. Çünki, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyilə bu gün Azərbaycanın dünyanın ən sabit ölkələrindən birinə çevrilib. Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf müşahidə edilməklə bərabər insanların yaşayış səviyyəsi də yüksəlir. Bütün sahələrdə tərəqqi var və bu da öz növbəsində vətəndaşlarımızın arzu və istəklərilə üst-üstə düşür. Ona görə də, sakinlər Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyir və mövcud siyasi kursun, ictimai-siyasi və sosial-iqtisadi sabitliyin davamlı olmasını arzulayırlar".Sədaqət Vəliyeva qeyd edib ki, bütün bunlar qarşıdan gələn seçki günündə də YAP-ın namizədlərinin böyük dəstək almasına və seçkinin qalibi olmasına gətirib çıxaracaq.
sia.az