Bu ilin noyabr ayından ölkəmizin bütün bölgələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş "Ümumrespublika yaşıllaşdırma marafonu" çərçivəsində keçirilən aksiyalar zamanı on minlərlə ağac əkilibdir. Bu nəcib təşəbbüsə ilk qoşulanlardan biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonu olubdur.
Qeyd etmək lazımdır ki, ölkəmizin və eləcə də onun paytaxtının daha da abadlaşdırılması və çiçəklənməsinə yardımçı olan bu layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.
Bu məqsədlə ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olan növbəti iməcilik Səbail rayonun Abbasqulu Abbaszadə küçəsi boyunca keçirilibdir. İməcilikdə rayon icra hakimiyyətinin, rayonun idarə və təşkilatlarının, təsərrüfat xidmətlərinin əməkdaşları ilə yanaşı, ali və orta məktəblərin kollektivləri, ümumilikdə 500 nəfər iştirak edib. Abadlaşdırılan ərazidə əvvəlcədən təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, bura mineral gübrələr səpilibdir. Həmçinin, yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub, böyük miqdarda dekorativ ağac və gül kolları alınıbdır. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdiyilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilib. Gün ərzində keçirilən ağacəkmə aksiyası zamanı 1000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilib, əvvəl əkilmiş 3000 ədəd ağaca qulluq göstərilibdir. Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etdirilməkdədir.
Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini veribdir. Rayon rəhbəri ağacəkmə aksiyasında fəallıq göstərən gənclərə İDEA İctimai Birliyinin "Yaşıl marafon" layihəsi, onun məqsəd və məramı barədə məlumat verərək, ölkənin ekoloji mühitinin, son nəticədə isə insanların sağlamlaşdırılmasına xidmət edən bu nəcib təşəbbüsün dəstəkləməsi və onun reallaşmasında iştirak etməyə çağırıb və bildirib ki, bu, ölkəsini, Vətənini, xalqını sevən hər bir kəsin borcudur.
Qeyd etmək lazımdır ki, aksiya çərçivəsində Səbail rayonunda noyabr ayının əvvəlində keçirilən iməcliklərdə 3000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilib, yeni hazırlanmış sahəyə 3500 kvadratmetr qazon otu döşənib, əvvəl əkilmiş 2000 ədəd ağaca qulluq göstərilibdir.
Ü.ƏSGƏROV