"G-20-lərə sədrliyin Türkiyəyə keçməsi qardaş ölkəyə müəyyən dividentlər gətirir. Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.Onun sözlərinə görə, zirvə toplantısının da Türkiyədə təşkili dünya iqtisadiyyatı və siyasətində yaşanan böhranın müzakirəsi baxımından əhəmiyyətli olacaq: "Türkiyə bu zirvə toplantısında milli dövlət mənafeləri çərçivəsində müəyyən tezislər irəli sürə bilər. Xüsusilə də Yaxın Şərqdə sabitliyin bərpa edilməsi, hərbi əməliyyatların dayandırılması və ya terrorizmə qarşı mübarizədə öz sözünü deyə bilər. Bundan başqa G-20-lərə üzv dövlətlərin rəhbərlərinin bu tədbirdə iştirak etməsi Türkiyənin imicinin yaxşılaşdırılması baxımından da əhəmiyyətlidir".H. Cabbarlı deyib ki, bu tədbiri Azərbaycan baxımından daha da əhəmiyyətli edən isə ölkəmizin bu zirvə toplantısına dəvət olunmasıdır: "Əlbəttə Azərbaycan regionun inkişaf edən dövlətidir. Eyni zamanda Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılması üçün də xeyli işlər görür. Bunlarla yanaşı, Azərbaycanın da siyasi və təhlükəsizlik problemləri var. Son zamanlar dünyada yaşanan geosiyasi böhranın təsirləri müəyyən qədər Azərbaycanda da hiss olunur. Azərbaycan bu mənfi təsirlərdən sığortalanmaq üçün G-20-lərin toplantısında ərazi bütövlüyünün təmin edilməsi və enerji təhlükəsizliyi baxımından müəyyən təşəbbüslər irəli sürə bilər"."Türkiyənin Azərbaycanı G-20-lərin zirvə toplantısına dəvət etməsi müsbət haldır. Eyni zamanda bu, iki ölkə arasındakı münasibətlərin geniş bir fazada inkişaf etməsi kimi də göstərilə bilər" - deyə, H. Cabbarlı vurğulayıb.
sia.az