"Cənab Prezident İlham Əliyev "Rossiya 24" kanalına müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin tutduğu mövqeyi analiz edərək, çox dərin bir şərh verdi". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev deyib.Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların həyata keçirilməsində doğru mövqe tutmalarının vacibliyini bildirdi: "Bu özündə bir sıra fikirləri ehtiva edir. Belə ki, ABŞ, Fransa, İngiltərə, Rusiya BMT Təhlükəsizlik Şurası səviyyəsində qəbul edilən qərarların həyata keçməsinə səy göstərməlidir. Belə olmayan halda bu mənfi rəylərin formalaşmasına səbəb olur. Dünya bu haqda düşünməlidir. Baş verən böhranların kökündə əslində qəbul edilən qərarların həyata keçirilməməsi dayanır. Bu da o deməkdir ki, dövlətlərin problemlərə yanaşmasında ikili standartlar mövcuddur.Asəf Hacıyev eyni zamanda onu da vurğulayıb ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ münaqişəsi terrorizmin bir formasıdır. Ona görə də Azərbaycan tərəfi bu münaqişənin hərbi yolla deyil, sülh yolu ilə həllinə çalışır. Ermənistan isə öz növbəsində bütün danışıqlardan boyun qaçıraraq, təxribatlara əl atır. Ermənistan hökuməti və bir sıra dövlətlər nəhayət anlamalıdır ki, Azərbaycan çox dəyişib. Problemin həlli sülh yolu ilə mümkün olmasa, Azərbaycan ərazi bütövlüyünü bərpa emək üçün başqa vasitələr üzərində düşünməli olacaq".
sia.az