Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşkilatçılığı ilə Avropa Tələbələr Birliyinin (ESU) İdarə Heyətinin 67-ci iclası keçirilib.SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, həmçinin bir sıra digər dövlət rəsmiləri, QHT nümayəndələri iştirakı edib.Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkəmiz tarixində ilk dəfədir ki, mühüm əhəmiyyətə malik olan bu beynəlxalq tədbirə ev sahibliyi edir: "Biz Avropanı Bakıya gətirmişik. Bütün ölkələrdə gənclər siyasəti prioritet olmalıdır. Azərbaycanda 230-dan çox qeyri-hökumət gənclər təşkilatları var. Əlbəttə, tələbələr gənc məmləkətimizdə mühüm rola malikdirlər. Dövlət tərəfindən hər il xeyli sayda gənc tələbə xaricə təhsil almaq üçün göndərilir. Biz BMT ilə çox yaxşı əməkdaşlıq edirik. Gənclər, tələbələr ölkənin idman həyatında da yaxından iştirak edirlər. Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edəcək". Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov 30-dan çox Avropa ölkəsinin nümayəndələrini Bakıda salamlayıb: "Azərbaycan son illər inkişaf səviyyəsinə görə dünyaya öz qapılarını açıb, öz büdcəsinin 25 milyard dollara çatdırıb. Azərbaycanın valyuta ehtiyyatları 55 milyard dollar civarındadır. Uğurlarımızın ən başlıca amili 23 il bundan əvvəl qazandığımız müstəqilliyimizdir. Qısa müddətdə biz ATƏT-in, BMT-nin və s. üzvü olduq. Bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirlər də bunu sübut edir. Hesab edirəm ki, bu tədbir həmin nüfuzlu tədbirlərdən biridir. Bu gün bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz öz yurdlarından didərgin düşüb. Onların təxminən 10 minə yaxını sizin kimi gənclərdir".Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev diqqətə çatdırıb ki, tələbə cəmiyyəti Azərbaycanda kifayət qədər böyükdür: "Azərbaycanda ümumi gənclər əhalinin 66 faizini təşkil edir. Ölkəmiz Avropanın ən gənc ölkələrindən biridir. Prezidentin gənclərlə bağlı həyata keçirdiyi qanunlar mütərəqqi hadisə kimi dəyərləndirilir. Sədri olduğum Fond 2011-ci ildə cənab İlham Əliyevin sərəncamı ilə yaradılıb. Bizim unikallığımız ondadır ki, fərdi gənclərə qrantlar veririk. Ümumilikdə, 1500-ə yaxın layihə dəstəklənib. Burada xarici ölkələrin rəqəmi 7-yə yaxın idi. Biz çalışırıq ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lərə dəstək verək. Gənclər Fondu hər zaman sizinlə görüşməyə şaddır. Bizdən heç bir zaman çəkinməyin".Avropa Tələbələr Birliyinin sədri Elizabet qeyd edib ki, Bakıda olmaq onlar üçün çox böyük imkandır: "Biz çox şadıq ki, azərbaycanlı tələbələr aktivliyi ilə seçilir. Ümumilikdə ölkənin inkişafında tələbələr çox böyük rol oynayırlar. Bizim nazirlərdən sonra BMT çərçivəsində də görüşlərimiz olacaq".Daha sonra Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, ATGTİ-nin sədri Şahin İsmayılov və digərləri çıxış edərək, tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bildiriblər.67-ci iclasın ümumi gedişatında ölkəmizdə artıq formalaşmış tələbə hərəkatının gələcək inkişafı, tələbə haqqları, tələbələrin mobilliyi və s. bu kimi mövzular müzakirə olunacaq, səsvermə yolu ilə bu və ya digər qərarlar qəbul olunacaq.Qeyd edək ki, tədbirdə iclasın gündəliyi açıqlanıb, Azərbaycan gənclər və təhsil siyasəti, tələbə QHT-lərinin fəaliyyəti haqqında avropalı qonaqlara məlumat verilib.
sia.az