Dünən Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA Əlil Uşaqlar Təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, həmçinin 219 saylı evdə məktəbdə təhsil alan, ümumilikdə 150-dən çox əlil uşaq üçün "Romans-Palas" şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilibdir. Tədbir iştirakçılarını salamlayan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı Cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışıb: "Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Ölkə Prezidenti Cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının Sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır".
A.Əsgərov onu da vurğulayıb ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2779 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır: "Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hazırda dünya əhalisinin 10 faizi və ya 650 milyona yaxın insan əlil halda yaşayır. Azərbaycanda bu rəqəm 4,4 % təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təkcə son on il ərzində əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlib. Son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınıb, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlib. Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8.000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur. Əlillərin 293-ü 18 yaşa kimi uşaqdır.
Həmçinin qeyd olunmuşdur ki əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda 1941-ci ildən fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745 nəfər uşaq 11 illik təhsil alır. Onlara 262 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2013-2014-cü təhsil ilinin yekununda məktəbin 161 məzununun 98-i respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olmuşlar.
Ü.ƏSGƏROV