Dekabr ayının 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinin təbliğat mərhələsi başlayıb. Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə müvafiq surətdə bələdiyyə seçkilərinin təbliğat mərhələsinə start verib.
SƏBAİL
YAP Səbail rayon təşkilatı təbliğat kampaniyasını uğurla həyata keçirəcək
YAP Səbail rayon təşkilatı da müəyyən olunmuş tədbirlərin operativ şəkildə həyata keçirilməsi üçün müvafiq fəaliyyətə başlayıb. Rayon təşkilatı tərəfindən təbliğat plakatları qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş yerlərdə vurulub. YAP Səbail rayon təşkilatının sədr müavini, rayon seçki qərargahının sədri Muxtar Nağıyev bildirib ki, işlərimizi YAP İcra Katibliyi tərəfindən irəli sürülmüş tövsiyə və tapşırıqlarına əsasən qururuq: "Sözsüz ki, məqsədimiz əvvəlki seçkilərdən fərqli olaraq qarşıdakı növbəti bələdiyyə seçkilərindəki nəticələrimiz daha yüksək və uğurlu olsun".
Partiyanın böyük seçki təcrübəsinin olduğunu xatırladan M.Nağıyev qeyd edib ki, Səbail bələdiyyəsinə 17, Badamdar bələdiyyəsinə 15, Bibiheybət bələdiyyəsinə isə 9 nəfər üzv seçilməlidir. Ümumilikdə, Səbail rayonunda 41 nəfər bələdiyyə üzvü seçilməlidir. 110 ilk təşkilatda 23857 mindən çox partiya üzvünün birləşdiyini deyən rayon təşkilatı Seçki Qərargahının sədri onu da qeyd edib ki, bələdiyyə seçkilərində də YAP fəalları öz səylərini əsirgəməyəcəklər: "Bu baxımdan da YAP Səbail rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat mərhələsində müəyyənləşdirilmiş işləri operativ və effektiv şəkildə həyata keçirəcək".
MASALLI
YAP Masallı rayon təşkilatı da fəal təbliğat-təşviqat kampaniyası həyata keçirir
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başlayıb. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş namizədlərin təbliğat kampaniyası da uğurla davam etdirilir. Belə ki, bütün şəhər və rayonlarımızda olduğu kimi YAP Masallı rayon təşkilatının Seçki Qərargahının təbliğat-təşviqat qrupları da Masallı rayonunda bələdiyyə seçki təbliğatı üçün ayrılmış xüsusi lövhələrə Yeni Azərbaycan Partiyasının nəmizədlərinin plakatlarını və seçki şüarlarını yapışdırıblar.
YAP Masallı rayon təşkilatının və təşkilatın Seçki Qərargahının sədri Seyfəddin Əliyevin sözlərinə görə, rayonda 36 bələdiyyə fəaliyyət göstərir: "Bunlar 1 şəhər, 2 qəsəbə və 33 kənd bələdiyyələridir. Bu bələdiyyələrə 366 nəfər namizəd irəli sürülüb. Seçki günü Masallı rayonunda olan 119 məntəqə seçki komissiyalarında müşahidə aparılması üçün YAP tərəfindən 119 nəfər müşahidəçi 119 nəfər məşvərətçi səs hüquqlu üzvlər müəyyən edilmişdir. Dekabrın 1-dən rayon təşkilatında yaradılan seçki qərargahlarının üzvləri aidiyyəti qurumlar tərəfindən seçki təbliğatı üçün ayrılan müvafiq yerlərdə namizədlərin portretlərini və təbliğat şüarlarını yapışdırıb. Eyni zamanda, təbliğat dövründə seçicilərlə görüşlərin keçirilməsi, digər təbliğati işlərin görülməsi də nəzərdə tutulub".
S.Əliyev onu da vurğulayıb ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir və cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir.
RƏFİQƏ HÜSEYNOVA