PDF Oxu

Siyasət

  • 22

Seçkilər fəallıq şəraitində keçəcək

Seçkilər fəallıq şəraitində keçəcək

Rayonun Əlvənd, Otmanoba və Şahhüseynli kəndlərində bələdiyyələrə namizədlərin seçicilərlə keçirilən görüşlərdə seçicilər əmin etdilər ki, bu seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklər Dekabrın 1-dən etibarən başlayan təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının seçki qərargahı tərəfindən işlər davam etdirilir. Seçki qərargahının təbliğat qrupu dekabrın 2-də seçicilərlə növbəti görüşünü rayonun Əlvənd, Otmanoba və Şahhüseynli kəndlərində keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədr müavini, şəhər 2 saylı körpələr evi, uşaq bağçasının müdiri Vüsalə Kərimova bu ilin dekabrın 23- də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışdı. Yeni Azərbaycan Partiyası yeni seçki texnologiyası və cəmiyyətin tələblərini özündə əks etdirən şüarla bələdiyyə seçkilərinə hazırlaşır. V.Kərimova qeyd etdi ki, ötən müddət ərzində özünüidarəetmə orqanlarında namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlara bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilib. Bütün Azərbaycan xalqının seçimi olan YAP-ın seçkilərə hazırlıq işlərini onun ayrı-ayrı şəhər və rayon təşkilatlarının, o cümlədən Zərdabın timsalında görmək olar.

Şəhər 1 saylı məktəb liseyinin "Əməkdar" müəllimi Sara Soltanova, Zərdab rayon Suvarma Sistemləri idarəsinin rəisi, "Tərəqqi" medallı Soltan Sadıqov, "Region-Post" MMC-nin direktoru, inşaatçı-şair Zabit Davudov geniş məzmunda çıxış edərək, öz ürək sözlərini seçicilərlə bölüşdülər.

Çıxış edənlər 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkilərində mütəşəkkil iştirak etməyə, "Rifah və Quruculuq Naminə" Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdılar.

Göyçay

Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə uyğun olaraq dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. Dekabrın 1-də kampaniyanın təbliğat-təşviqat mərhələsinin başlanması ilə əlaqədar rayon və şəhər təşkilatları bütün imkanlarını səfərbər ediblər.

YAP-ın Göyçay rayon təşkilatının Seçki Qərargahı da bələdiyyə seçkiləri kampaniyasını fəal şəkildə həyata keçirir. YAP Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov bildirib ki, artıq rayon ərazisində partiyanın təbliğat plakatları müvafiq yerlərdə ayrılmış lövhələrə vurulub. Onun sözlərinə görə, bu prosesi 15 nəfərdən ibarət olan qrup həyata keçirib. Həmin qrupun üzvlərinin əksəriyyəti gənclərdən ibarətdir.

R.İbrahimov qeyd etdi ki, 61 məntəqə üzrə təyin olunmuş təşviqat lövhələrinə YAP Göyçay rayon təşkilatı tərəfindən Partiya tərəfindən irəli sürülən namizədlərin, həmçinin "Rifah və Quruculuq naminə" şüarı ilə hazırlanmış 244 plakat yapışdırılıb.

Təşkilat sədri qeyd edib ki, Göyçay rayon bələdiyyəsinə YAP rayon təşkilatı tərəfindən 248 namizəd irəli sürülüb. Bu namizədlər YAP tərəfindən 26 bələdiyyəyə irəli sürülüb. Həmin namizədlərin hamısı qeydiyyatdan keçib. R.İbrahimov kampaniya müddətində namizədlərin təbliğatının fəal şəkildə aparılacağını bildirib. Rayonda bələdiyyə seçkiləri ədalətli, şəffaf, müvafiq seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işləri üçün qrafik də müəyyən olunub.

Sabirabad

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatında yerli özünüidarəetmə orqanlarına seçkilərə ciddi hazırlıq görülüb. Minlərlə üzvü ətrafında birləşdirən rayon təşkilatının fəalları artıq partiyanı təmsil edəcək namizədlərin təbliğat kampaniyasına mütəşəkkilliklə başlayıblar.

YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bildirir ki, təblğat və təşviqat kampaniyasının başladığı andan etibarən 50-dən çox partiya fəalı namizədlərin şəkillərini reklam lövhələrinə vuraraq bu prosesi uğurla başa çatdırdılar. Qeyd edək ki, Sabirabadda 3 dairə seçki komissiyası, 85 məntəqə fəaliyyət göstəirir. YAP tərəfindən bələdiyyə üzvlüyünə 263 nəfərin namizədliyi irəli sürülüb. Seçkilərdə partiyanın rayon təşkilatı tərəfindən 87 məşvərətçi və 87 müşahidəçi fəaliyyət göstərəcək.

Nadir Quliyevin sözlərinə görə, Azərbaycana böyük uğurlar qazandıran və hər zaman xalqın dəstəyinə arxalanan YAP bu seçkilərdə də böyük qələbələr əldə edəcək. Partiyamız əhalinin tələbatına uyğun islahatlara daha çox diqqət yetirərək, insanların etimadını yüksək intellekti, siyasi hazırlığı, qətiyyəti, ən başlıcası isə insanlara verdiyi dəyər və xalqına olan bitib-tükənməz məhəbbəti ilə doğruldur. Özünüidarə vasitəsi olan bələdiyyələr fəaliyyətlərini əsasən insanların istək və arzularına uyğun formalaşdırır, ictimai rəyi əks etdirən məsələlərin həllinə daha çox fikir verilir. 650 minə yaxın üzvü və milyonlarla təəssübkeşi olan YAP bu seçkilərə də inamla başlayır. Azərbaycanın siyasi, iqtisadi, sosial həyatının bütün sahələrini əhatə edən əhəmiyyətli islahatlar paralel həyata keçirilir. Buna görə də insanlar seçkilərdə cəmiyyətdə daha çox tanınan, təşəbbüskarlığı ilə fərqlənən namizədlərə üstünlük verəcəklər.

Hacıqabul

Dekabrın 2-də YAP Hacıqabul rayon təşkilatının seçki qərargahı bələdiyyə seçkilərinin ilk təbliğat-təşviqat işini rayonun Muğan qəsəbəsindən başlamışdır. YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirovun seçicilərlə keçirdiyi görüşə qəsəbənin ziyallıları, ağsaqqalları olmaqla 100-dək seçicisi qatılmışdı. Görüşdə çıxış edən Hafis Bəşirov dedi ki, bütün seçkilərə təkmil proqramlarla gələn YAP milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə doğruldaraq xalqla həmrəylik və birlik nümayiş etdirir. Xüsusən imzatoplama kampaniyasında mütəşəkkilliklə iştirak edən seçicilərin fəallığı partiyamıza inamın təzahürüdür. Deyə bilərəm ki, seçicilərin fəallığı partiyaya inamın təzahürüdür. Təbliğat-təşviqat kampaniyasının Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunması üçün maarifləndirmə işi sürətləndirilir. Bələdiyyələrin daha səmərəli işləməsinə yönəldilmiş qərar və qanunların həyata keçirilməsində, səlahiyyətlərinin artırılmasında da məqsəd qurumun əhali ilə birgə fəaliyyəti üçün imkanları genişləndirməkdir. Vətəndaş cəmiyyətinin və demokratiyanın bariz nümunəsi olan bələdiyyələrdə YAP üzvlərinin, xüsusilə gənclərin və qadınların üstünlük təşkil etməsi və qələbə qazanması xalqın istəyindən irəli gəlir.

H. Bəşirov daha sonra dedi ki, ötən siyasi kampaniyalarda olduğu kimi yerli özünüidarəetmə orqanlarına namizədliyi irəli sürülən partiya üzvlərimiz, fəallarımız, xüsusilə gənclərimiz siyasi hazırlıq nümayiş etdirirlər.

Görüşdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının Şura üzvü Daxil Hsənov dedi ki, minlərlə üzvü olan YAP Hacıqabul rayon təşkilatı bütün siyasi kampaniyalarda olduğu kimi yerli özünü idarəetmə orqanlarına seçkilərə də mütəşəkkilliklə başlayır. Təbliğat kampaniyasında bir nəfər kimi iştirak edən fəallarımız birlik və həmrəylik nümayiş etdirərək vahid mövqedən çıxış edir, namizədlərinin qələbəsi üçün təşviqat kampaniyasını səmərəli təşkil edirlər.

Cəlilabad

Məlum olduğu kimi, dekabr ayının birindən etibarən Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarında bələdiyyə seçkiləri ilə əlaqədar olaraq təbliğat-təşviqat tədbirlərinə start verilib.

Seçki məcəlləsinin tələblərinə və təsdiq edilmiş təbliğat-təşviqat tədbirlərinin qrafikinə uyğun olaraq dünən belə tədbirlərdən biri də Cəlilabad şəhərindəki " Tut bağı" şadlıq sarayında Yeni Azərbaycan Partiyası icra katibliyinin təşkilatlılığı ilə baş tutub. Tədbirdə Mili Məclisin deputatı Malik Həsənov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP icra katibliyinin məsul işçisi Məcid Əhmədov və digər şəxslər iştirak edib. Giriş sözü ilə tədbiri açıq elan edən YAP Cəlilabad raon təşkilatının sədri Misüleyman Mirxaslı yığıncağın məram və məqsədini iştirakçıların diqqətinə çatdırıb: "Artıq bu günə kimi seçki marafonunun bir neçə mərhələsi geridə qalıb. Belə ki, İdarə heyətinin qərarı ilə 19 nəfərdən ibarət seçki qərargahı yaradılmış, 3 seçki dairəsi və 87 seçki məntəqəsi üzrə partiyanın 450 nəfərdən ibarət təmsilçisinin, tərkibi müəyyənləşdirilmiş, onların qeydiyyatı üçün tələb edilən bütün zəruri sənədlər tərtib edilmişdir. Rayonumuzda fəaliyyət göstərən 35 bələdiyyə üzrə 347 bələdiyyə məclisi üzvlüyünə namizədlər müəyyənləşdirilmiş partiya fəallarının yerlərdə görüşlər keçirməsi planlaşdırılmışdır".

Milli Məclisin deputatı Malik Həsənov və Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babağolu geniş məruzə ilə çıxış edərək 23 dekabr 2014-cü ildə keçiriləcək Bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarına ətraflı izah ediblər.

Sonra Bələdiyyələri əlaqələndirmə şurasının sədri Bağış Mustafayev, YAP rayon təşkilatı gənclər birliyinin üzvü Elçin Hüseynov, Qarazəncir kənd ərazi ilk partiya təşkilatının sədri Rəhimdil Həsənov, "Yeni Gün" rayon qəzetinin redaktoru Böyükxan Bağırov, YAP rayon təşkilatı qadınlar şurasının sədri Fərqanə Məmmədova və digərləri çıxış edərək bələdiyyə seçkilərinə hazırlıqla bağlı təklif və mülahizələrini bildiriblər. Tədbir iştirakçıları sonda bütün seçiciləri 23 dekabrda keçiriləcək Bələdiyyə seçkilərində fəallıq göstərməyə və YAP-ın namizədlərinə səs verməyə dəvət ediblər.

Kürdəmir

Kürdəmir seçiciləri yüksək aktivlik nümayiş etdirərək bələdiyyə seçkilərində də YAP-ın namizədlərini dəstəkləyəcəklər

Dekabrın 1-də Kürdəmirdə Yeni Azərbaycan Partiyasının namizədləri ilə təşviqat xarakterli görüş keçirildi. Kürdəmir şəhər Mədəniyyət Evində keçirilən görüşdə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, iqtisad elmlər doktoru, professor Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı Fərhad Qəribov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının əməkdaşı Həsən Dəşdəmirov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli məlumat verdi ki, 2014-cü ilin 23 dekabr tarixində Azərbaycanda çox əhəmiyyətli siyasi kampaniya - yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. "Ölkəmizdə bələdiyyələrin formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Əlbəttə ki, bu seçki proseslərində Yeni Azərbaycan Partiyasının rolu misilsizdir."

A.Kərimli vurğuladı ki, ölkəmizin sosial-iqtisadi, mədəni sahələrdə qazandığı böyük uğurları, hüquqi dövlət və vətəndaş cəmiyyətnin demokratik dəyərlər əsasında inkişafı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.

"Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı Bələdiyyə seçkiləri ilə əlaqədar rayon üzrə 30 bələdiyyəyə 282 nəfərin namizədliklərini irəli sürmüş və müvafiq dairələr üzrə qeydiyyatdan keçmişdir. Bunlar 1 şəhər, 2 qəsəbə, 27 kənd bələdiyyələridir." deyən YAP Kürdəmir rayon təşkilatının sədri qeyd etdi ki, Kürdəmir rayonunun seçiciləri indiyədək keçirilən bütün seçkilərdə yüksək aktivlik nümayiş etdirərək YAP-ın namizədlərinə böyük etimad göstərdiyi kimi, bələdiyyə seçkilərində də partiyamızın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər.

Tədbirdə Kürdəmir rayonu üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülmüş Elmira Şıxəliyeva və Məhəmməd Heydərli çıxış edərək yaradılmış şəraitə, göstərilmiş etimada görə minnətdarlıqlarını bildirərək qürurla Partiyanın onlara göstərdiyi etimadı görəcəkləri işləri ilə doğruldacaqlarını bildirdilər.

Daha sonra Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev çıxış edərək 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərindən danışaraq bütün işləri bələdiyyə seçkilərində qələbə qazanmaq əzmi ilə həyata keçirdiyini, fəal seçki mühiti formalaşdırdığını, yerlərdə səfərbəredici tədbirlər keçirdiyini qeyd etdi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fərhad Qəribov vurğuladı ki, ulu öndər Heydər Əliyevin rəbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. YAP yaranmaqla Azərbaycan inkişaf və tərəqqiyə qovuşdu. "Bu gün ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlara imza atır. Ölkəmizdə sürətli sosial-iqtisadi yüksəliş, düzgün və dayanıqlı iqtisadiyyat vətəndaş cəmiyyətləri təsisatlarının təkmilləşdirilməsi yerli özünüidarə orqanlarının fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaradılıb. Bütün bunlar deməyə əsas verir ki, 23 dekabr 2014-cü il tarixli bələdiyyə seçkilərində seçicilər düzgün seçim edərək rifah və quruculuq naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək və qələbəmizi təmin edəcəklər."

Pirallahı

Pirallahı rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarında ciddi hazırlıq prosesləri davam edir.

Qarşıdan gələn növbəti bələdiyyə seçkilərinə YAP Pirallahı rayon təşkilatında da ciddi hazırlıq işləri aparılır. Dekabrın 2-də Partiyanın rayon təşkilatının qərargahında bələdiyyələrə namizədlərlə görüş keçirildi.

Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov bildirdi ki, bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın rəhbərliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı ardıcıl işlər aparılır, seçki qərargahları yaradılır. Seçki proseslərinə gənclər də cəlb olunur ki, bu da onların gələcək seçkilərdə aktiv fəaliyyətlərinə şərait yaradacaq.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən 23 dekabr 2014-cü il tarixində keçiriləcək bələdiyyə seçkilərinə irəli sürülən namizədlər Partiyanın tapşırıq və tövsiyələrinə uyğun olaraq gələcəkdə fəaliyyət göstərəcəklər.

YAP-ın bələdiyyə seçkilərində irəli sürdüyü namizədlərə daha fəal çalışmağı, partiyanın onlara göstərdiyi etimadı doğrultmağı tövsiyyə edən M.Manafov məlumat verdi ki, Pirallahı rayonunda 3 bələdiyyə üzrə 10 məntəqədə keçiriləcək seçkilərə YAP Pirallahı rayon təşkilatı tərəfindən 30 namizəd irəli sürülüb. 13 saylı seçki dairəsində Pirallahı rayonundan 10767 nəfər səsvermə hüququna malikdir.

Lerik

Yeni Azərbaycan Partiyasının digər rayon təşkilatları kimi Lerik rayon təşkilatı bələdiyyə seçkilərinə da böyük mütəşəkkillik və yüksək seçki əhval-ruhiyyəsilə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verib. Təşkilatdan verilən məlumata əsasən, Seçki Məcəlləsinin 75.2 maddəsinə və Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi təqvim planına əsasən dekabr ayının birindən başlayaraq namizədliyi irəli sürülmüş şəxslərin şəkillərinin və partiyanın "Rifah və quruculuq naminə" şüarlı plakatlarının qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırılması həyata keçirilib.

Təşkilat üzvü olan gənc fəalların da iştirakı ilə əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə rayon ərazisində fəaliyyət göstərən məntəqə və digər müəyyənləşdirilmiş ərazilərdə namizədliyi irəli sürülən 368 nəfərin şəkilləri və Mərkəzi Aparatın şüarı yapışdırılıb. Bu işdə gənc fəallara YAP-ın siyasi xəttini dəstəkləyən və böyük mütəşəkkilliklə seçki prosesində iştirak edən rayon sakinləri də aktiv olublar.

Rayon təşkilatının sədri Elxan Qəmbərovun dediyinə görə, bələdiyyə seçkilərilə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, rayon ərazisində seçkiqabağı təşviqatın aparılmasına, qeydə alınmış namizədlərə, siyasi partiya və siyasi partiya bloklarına seçicilərlə görüşlərin keçirilməsinə ödənişsiz əsaslarla bərabər şəraitin yaradılması məqsədilə yerlər müəyyənləşdirilib. Artıq həmin yerlərdə tərtib olunmuş qrafikə əsasən seçicilərlə görüşlərə başlanıb.

Qobustan

YAP Qobustan rayon təşkilatı 16 bələdiyyə üzrə 142 nəfərin namizədliyini irəli sürüb

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş partiya fəalları ilə görüş keçirildi. Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı Ərəstun Cavadov və YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak edirdilər.

Görüşü giriş sözü ilə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev açaraq bildirdi ki, Abşeron-Qobustan Seçki Dairəsi üzrə Qobustan rayonunda 16 bələdiyyə mövcuddur. 16 bələdiyyə üzrə 142 nəfər namizədliyini irəli sürüb. "Bələdiyyələrə irəli sürülmüş namizədlər arasında gənclər və qadınların sayı əvvəlki seçkilərə görə üstünlük təşkil edir." deyən YAP Qobustan rayon təşkilatının sədri bildirdi ki, təqvim planına uyğun olaraq bələdiyyə seçkiləri ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər, YAP tərəfindən namizədliyi irəli sürülən nümayəndələr müəyyənləşdirilib. Partiya tərəfindən irəli sürülən namizədlərin hər biri dairə seçki komissiyasında qeydə alınıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxışında bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi yeni bir qurum olduğunu diqqətə çatdırdı. "Bələdiyyələrə seçiləcək şəxslər yerli əhali ilə daha sıx münasibətlər qurmalı, yarana biləcək problemlərin aradan qaldırılımasında daha böyük səy göstərməlidirlər." deyən Eldar İbrahimov vurğuladı ki, bundan sonra bələdiyyələr artıq xalqa xidmət edən bir quruma çevrilməlidir. E.İbrahimov əmin olduğunu bildirdi ki, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatında birləşən minlərlə partiya üzvü, eləcə də, rayon seçicilərinin mütləq əksəriyyəti ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi xəttə sadiqdirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev ötən seçkilərdə olduğu kimi qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağına əminliyini bildirdi və bu

məqsədlə namizədlərə uğurlar arzuladı. Milli Məclisin deputatı Ərəstun Cavadov bələdiyyələrin statusu, yerli ərazilərin quruculuq-abadlıq işlərində əhəmiyyətli rolundan danışdı. Bu təsisatın vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin inkişafında mühüm rola malik olduqlarını bildirdi.

Sonra seçki kampaniyasında bələdiyyələrə namizədlərin seçiciləri ilə görüşlərini necə təşkil edə biləcəklərini, seçki platformalarını seçicilərə necə təqdim edə biləcəkləri ilə bağlı müzakirələr aparıldı. Sonda namizədlərə seçkilərdə uğurlar arzulandı.

sia.az

Digər xəbərlər