Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə uyğun olaraq dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır. Artıq partiyanın rayon təşkilatlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. Dekabrın 1-də kampaniyanın təbliğat-təşviqat mərhələsinin başlanması ilə əlaqədar rayon və şəhər təşkilatları bütün imkanlarını səfərbər ediblər.
YAP-ın Oğuz rayon təşkilatının Seçki Qərargahı da bələdiyyə seçkiləri kampaniyasını fəal şəkildə həyata keçirir. YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, rayon ərazisində partiyanın təbliğat plakatları müvafiq yerlərdə ayrılmış təşviqat lövhələrinə vurulub: "Bu prosesi 15 nəfərdən ibarət olan qrup həyata keçirib. Həmin qrupun üzvlərinin əksəriyyəti gənclərdən ibarətdir." Təşkilat sədri qeyd edib ki, Oğuz rayon bələdiyyəsinə YAP rayon təşkilatı tərəfindən 137 namizəd irəli sürülüb. Bu namizədlər YAP tərəfindən 15 bələdiyyəyə irəli sürülüb. Həmin namizədlərin hamısı qeydiyyatdan keçib. S.Məhərrəmov seçki kampaniyası müddətində namizədlərin təbliğatının fəal şəkildə aparılacağını bildirib.
R.HÜSEYNOVA