Dünən YAP Suraxanı rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qaraçuxur - Günəşli ərazisindən namizədlikləri irəli sürülmüş şəxslərlə seçicilərin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının səlahiyyətli nümayəndəsi Fərman Rəsulov bildirdi ki, dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, YAP Suraxanı rayon təşkilatı mütəmadi olaraq tədbirlər keçirməkdədir. O, seçicilərin hüquqlarından və bələdiyyə seçkisinin mahiyyətindən söz açaraq belə tədbirlərin keçirilməsinin seçiciləri maarifləndirilməsində əhəmiyyətli rolu olduğunu qeyd etdi: "Qaraçuxur və Günəşli qəsəbəsindən Yeni Azərbaycan Partiyası tərəfindən rayon bələdiyyəsinə 17 nəfərin namizədliyi irəli sürülüb. Yeni Azərbaycan Partiyası ölkədə tərəqqi və inkişafdan bəhrələnərək, daha da güclənir, sıralarını sağlam düşüncəli, aydın fikirli vətəndaşlarla artıraraq qüdrətlənir. Ən sevindirici hal isə ondan ibarətdir ki, eyni əqidəli insanlar məhz ölkəmizdə lider partiya olan Yeni Azərbaycan Partiyasının və təbii ki, bu partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər. Zaman özü sübut etdi ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini doğruldub və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edib".
F.Rəsulov rayon əhalisinin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə də fəal olacaqlarına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu bildirdi. Tədbirdə hazırda YAP tərəfindən namizədliyi irəli sürülmüş Əvəz Mirzəliyev Qaraçuxur bələdiyyəsində görülən işlər haqqında hesabat verdi. O, bələdiyyələrin əsas vəzifəsini görüş iştirakçılarının diqqətinə çatdıraraq bələdiyyələrin vətəndaşlara xidmət etdiyini vurğuladı.
Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının Seçki Qərəgahının üzvü, rayon təşkilatının qadınlar şurasının sədri Zəkiyyə Musayeva bələdiyyələrdə qadınların və gənclərin rolundan danışdı və partiyanın tövsiyələrinə əsasən, qadın və gənclərə üstünlük verildiyini bildirdi. O, qeyd etdi ki, bələdiyyə seçkilərində gənclərin və qadınların fəal iştirakı cəmiyyətdə sosial ədalət prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır və müasir həyatımızda bələdiyyə üzvlərinin üzərinə böyük məsuliyyət düşür.
Sonra tədbirdə çıxış edən namizədlər xalqın etimadını doğruldacaqlarına və hər zaman quruculuq-abadlıq işlərində, əhalinin mədəni istirahətinin təşkil edilməsində səylə çalışacaqlarını bildirdilər.
Tədbirdə rayon təşkilatının Seçki Qərargahının üzvləri Etibar Quliyev, Sevda Hacıyeva, Arzu Sarbalıyev və başqaları çıxış edərək namizədlərə seçkilərdə uğurlar arzuladılar.
Zümrüd BAYRAMOVA