"Ümumiyyətlə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun "Azadlıq" qəzetini məhkəməyə verməsinə qəzetlərin prinsipləri kontekstində qiymət verməzdən əvvəl onun hüququ tərəfini nəzərə almaq lazımdır". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Aydın Quliyevin sözlərinə görə, hətta qəzet olmasa belə, istənilən hər hansı bir vətəndaşın təhqir olunduğunu hesab etdiyi məqamda məhkəməyə müraciət etmək hüququ var: "Təbii ki, belə olan təqdirdə qarşı tərəfin də məhkəmədə özünmüdafiə hüquqları, azadlıqları var və bundan da istifadə edirlər. Biz Azərbaycanda belə hallara (qəzet redaktorunun başqa bir qəzet redaktorunu məhkəməyə verməsi, onu özünün məhkəməyə verilməsi və s.) çox rast gəlmişik. Düşünürəm ki, buna ancaq məhkəmə qiymət verməlidir". Baş redaktor hesab edir ki, ümumiyyətlə məhkəmə intriqalı arqumentlərlə deyil, əksinə hüquqi arqumentlərlə işləyir: " "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin həm özlərinin, həm də redaktorlarının qarşılıqlı münasibətlərinin hansı emosional səviyyədə olmasının yəqin ki, məhkəməyə heç bir aidiyyatı olmayacaq və hakimlər də bunu nəzərə alacaq. Hakimlər qəzetlərin tarixinə əsaslanıb qərar verməyəcəklər, əksinə onlar bugünkü şikayətin və iddiaların mahiyyətindən çıxış edərək qiymət verəcəklər".
sia.az