Astara
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən şəxslərin təbliğatı davam edir. Bu tədbirlərin davamı olaraq dünən belə tədbirlərdən biri də YAP Astara rayon təşkilatının Seçki Qərargahı tərəfindən rayonun Kijəbə qəsəbəsində baş tutub.
Tədbirdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, ötən 5 il ərzində YAP-ın bələdiyyələrdə təmsil olunan üzvləri əhalinin sosial məsələlərinin həllində yaxından iştirak ediblər. Bələdiyyənin əhali ilə sıx işlədiyini deyən təşkilat sədrinin sözlərinə görə, bu da növbəti seçki üçün əhəmiyyətlidir: "Astara rayonunda 15 bələdiyyə fəaliyyət göstərir. YAP bu bələdiyyələr üzrə müvafiq yerlərin hamısına öz namizədlərini irəli sürüb. İnanırıq ki, dekabr ayında YAP növbəti möhtəşəm qələbəsini qazanacaq".
Kənd sakinlərindən Sabir Fətullayev, Gülşən Abbasova, Ağadadaş Qənbərov, İlyas Baxşıyev, Hafiz Rəsulov, Şahin Əmənullayev, Firudin Abbasov və Sədail Qasımov çıxış edərək bələdiyyə seçkilərində fəal iştirak edəcəklərinə söz veriblər.
Bakının Nizami rayonu
Nizami rayonunda bələdiyyə seçkiləri yüksək mütəşəkkillik və fəallıq şəraitində baş tutacaq
Hadi Rəcəbli: Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu sahədəki qanunlarla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında partiyanın bələdiyyəyə namizədləri və təbliğat qrupları ilə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı, səlahiyyətli nümayəndə Sədaqət Vəliyeva deyib ki, Azərbaycanda bələdiyyə seçkiləri çox vacib siyasi hadisədir. Ölkəmizdə yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötdüyünü deyən Sədaqət Vəliyevanın sözlərinə görə, bu illər ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçib, eyni zamanda, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımlar atılıb, qanunvericilik bazası gücləndirilib.
Deputat qeyd edib ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. O, növbəti seçkilərdə də qələbə əldə olunacağına əminliyini ifadə edib.
Bələdiyyə seçkilərilə əlaqədar YAP Nizami rayon seçki qərargahının gördüyü işlərlə əlaqədar hesabat verən YAP Nizami rayon təşkilatının aparat rəhbəri, səlahiyyətli nümayəndə Ramil Vəlibəyov bildirib ki, cari ilin avqust ayının 29-da YAP Nizami rayon təşkilatının İdarə Heyətinin iclasında bələdiyyə seçkilərilə əlaqədar məsələlər müzakirə edilib və verilmiş qərarlar əsasında 18 nəfərdən ibarət Seçki Qərargahı formalaşdırılıb, tədbirlər planı təsdiqlənib, Nizami və Keşlə bələdiyyələri üzrə müvafiq olaraq, 19 və 15, ümumilikdə 34 nəfər partiya üzvünün namizədliyi müəyyənləşdirilib.
Bildirilib ki, seçki prosesilə əlaqədar bütün texniki məsələlər və sənədləşmə işləri də vaxtında həll edilib. Belə ki, rayon təşkilatı daxilində 18 saylı Nərimanov-Nizami, 24 saylı I Nizami və 25 saylı II Nizami Dairə Seçki Komissiyalarının hüdudlarını əhatə edən operativ qərargahlar yaradılıb, media-resurs mərkəzi işə başlayıb, daimi olaraq, fəaliyyət göstərən sosial şəbəkəçi qruplar iş başına keçib, seçici siyahıları dəqiqləşdirilib, 80 məntəqə üzrə müşahidəçilər, məşvərətçilər müəyyənləşdirilib və müvafiq sənədləşmə işləri görülüb.
Qeyd olunub ki, qısa müddət ərzində Nizami bələdiyyəsi üzrə 19 namizəd üçün hər birinə 200 imza olmaqla 3800 imza, Keşlə bələdiyyəsi üzrə isə hər birinə 100 imza olmaqla 1500, ümumilikdə isə 5300 imza toplanıb və müvafiq sənədləşmə işlərindən sonra DSK-lara təqdim edilib. Bununla da, dairə seçki komissiyaları tərəfindən qeydə alınmış 34 namizədin 20 faizini qadınlar, 50 faizini isə gənclər təşkil edib.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2 maddəsinə və Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi təqvim planına əsasən noyabr ayının 30-dan etibarən isə YAP tərəfindən Nizami və Keşlə bələdiyyələrinə namizədliyi irəli sürülmüş şəxslərin ümumi şəkillərinin və partiyanın "Rifah və quruculuq naminə" şüarlı plakatlarının qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırılması həyata keçirilib. Hazırda isə seçicilərlə görüşlər keçirilir.
Çıxış edən namizəd, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev deyib ki, bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövlətimizin daha da inkişafına, xalqımızın daha yaxşı yaşamasına yönəlib. Ona görə də, partiyamızın fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir: "Biz inanırıq ki, bu bələdiyyə seçkilərində də seçicilər YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin inkişafına növbəti töhfəni verəcəklər".
Çıxış edən namizəd, Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov bildirib ki, bələdiyyələrin fəaliyyəti Azərbaycanın demokratik inkişafı baxımından olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, ölkəmizdə bələdiyyə institutları gənc qurumlar olsa da, inkişaf prosesinə mühüm töhfələr verir. Son illərdə isə onların rolu daha da artıb və bunu səmərəli fəaliyyətilə seçilən Keşlə Bələdiyyəsinin də timsalında görmək olar.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli çıxışında diqqətə çatdırıb ki, bələdiyyə qanunla müəyyən edilmiş müəyyən ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Qeyd edib ki, Azərbaycanda bələdiyyə institutu milli qanunvericiliyə əsasən təşəkkül tapıb və səmərəli fəaliyyət mexanizminə malikdir. Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu sahədəki qanunlarla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.
Hadi Rəcəbli daha sonra namizədlərin əhali arasında hansı formada təbliğat aparmalı olduqlarını siyasi və hüquqi nöqteyi-nəzərdən izah edib. Beləliklə də, görüşdə edilən çıxışların yekun nəticəsi ondan ibarət olub ki, Nizami rayonunda digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkiləri də yüksək mütəşəkkillik və fəallıq şəraitində baş tutacaq, Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbəsi üçün bütün imkanlar səfərbər olunacaq.
Hacıqabul rayonu
Dekabrın 3-də YAP Hacıqabul rayon təşkilatının seçki qərargahı bələdiyyə seçkilərindəki təbliğat-təşviqat işini rayonun Qubalıbaloğlan kəndində davam etdirmişdir.
YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirovun seçicilərlə keçirdiyi görüşə qəsəbənin ziyalıları, ağsaqqalları olmaqla 100-dək seçicisi qatılmışdı. Görüşdə çıxış edən Hafis Bəşirov dedi ki, bütün seçkilərə təkmil proqramlarla gələn YAP milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə doğrulduraq xalqla həmrəylik və birlik nümayiş etdirir. Xüsusən imzatoplama kampaniyasında mütəşəkkilliklə iştirak edən seçicilərin fəallığı partiyamıza inamın təzahürüdür. Təbliğat-təşviqat kampaniyasının Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunması üçün maarifləndirmə işi sürətləndirilir. Bələdiyyələrin daha səmərəli işləməsinə yönəldilmiş qərar və qanunların həyata keçirilməsində, səlahiyyətlərinin artırılmasında da məqsəd qurumun əhali ilə birgə fəaliyyəti üçün imkanları genişləndirməkdir. Vətəndaş cəmiyyətinin və demokratiyanın bariz nümunəsi olan bələdiyyələrdə YAP üzvlərinin, xüsusilə gənclərin və qadınların üstünlük təşkil etməsi və qələbə qazanması xalqın istəyindən irəli gəlir.
YAP Hacıqabul gənclər təşkilatının sədri Saleh Ələsgərov görüşdəki çıxışında dedi ki, ötən siyasi kampaniyalarda olduğu kimi, yerli özünüidarəetmə orqanlarına namizədliyi irəli sürülən partiya üzvlərimiz, fəallarımız, xüsusilə gənclərimiz siyasi hazırlıq nümayiş etdirirlər. Bu imkan verir deyək ki, bu seçkidə də namizədlərimiz qələbə çalacaqdır.
Qəbələ rayonu
Dekabr ayının 1-dən etibarən Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının Seçki Qərargahında təbliğat-təşviqat kampaniyasına start verilib. Partiyanın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Elçin Tağıyevin verdiyi məlumata görə, 116 saylı Qəbələ və 117 saylı Oğuz-Qəbələ dairələri üzrə partiya tərəfindən irəli sürülən 275 nəfər namizəd qeydə alınıb ki, həmin namizədlər 29 bələdiyyəni əhatə edir.
Namizədlərin 118 nəfəri gənclər, 78 nəfəri qadınlardır. Onların hamısı ali təhsilidir. Rayon təşkilatı hər bələdiyyə üzvü yerinə 1 nəfər namizəd verib. Təbliğat kampaniyası partiyanın Mərkəzi Aparatı ilə razılaşdırılmış qrafik üzrə 3 mərhələdə aparılacaq. Təbliğat-təşviqat işləri artıq rayonun 77 seçki məntəqəsinin ərazisində aparılır ki, bu işlərə partiyanın 400 nəfərə qədər fəalı cəlb edilib. Həmin fəalların yaxından köməyi ilə İcra Katibliyi tərəfindən hazırlanmış təşviqat materialları namizədlərin şəkilləri əks olunan plakatları məntəqədəki təşviqat lövhələrinə yerləşdirilib, namizədlərin platformaları hazırlanıb, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində və s. işlər davam etdirilir.
Qəbələdə aparılan geniş hazırlıq işləri göstərir ki, qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın xeyli sayda namizədi qələbə qazanacaq. Artıq bir neçə gündür ki, rayonda təbliğat üçün ayrılmış xüsusi yerlərdə partiya namizədləri ilə görüşlər keçirilir, onların platformaları dinlənilir.
Rayon təşkilatı seçkilərin demokratik, şəffaf, Azərbaycan Respublikasının Seçki Məcələsinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi üçün təbliğat-təşviqat işlərini uğurla yekunlaşdıraraq bu seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurlu qələbəsinin təmin olunmasına nail olacaq.
Sabirabad rayonu
Yeni Azərbaycan Partiysı(YAP) Sabirabad rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlər və seçki qərargahının üzvləri ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Rüstəm Xəlilov Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramin Mirzəyev və digər şəxslər iştirak ediblər.
Tədbiri Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə qonaqlara ətraflı məlumat verib: "Bildirmək istəyirəm ki, hazırda təşkilatımızın minlərlə üzvü arasından 263 nəfərin bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüşük.
Namizədlər öz intellektinə və dünya görüşünə görə digərlərindən fərqlənən şəxslərdir. Kəmiyyət baxımından isə namizədlər arasında gənclər və qadınlar üstünlük təşkil edir. Seçki məsələsinə gəldikdə, Sabirabad rayonunun seçiciləri ayın 23-də 3 dairədə səs verəcəklər ki, bu dairələrdə də 85 məntəqə fəaliyyət göstərir. Tam əminliklə deyə bilərəm ki, təşkilatımız Mərkəzi Aparat tərəfindən verilən tövsiyə və tapşırıqları uğurla yerinə yetirir. Nadir Quliyev bütün seçkilərdə olduğu kimi bu seçkilərin də ədalətli, şəffaf, Seçki Məcəlləsinin tələblərinə uyğun keçiriləcəyinə, xalqın etimad və inamını qazanmış YAP namizədlərinin bu seçkilərdə də qələbə qazanacağına inandığını qeyd etdi.
Yeni Azərbaycan Partiyasının alternativsiz bir partiya olduğunu deyən Milli Məclisin deputatı Əhliman Əmiraslanov YAP-ın Azərbaycanın siyası arenasında özünəməxsus yer tutduğunu bildirdi. Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi işlərdən söhbət açan deputat, Azərbaycanda son 11 ildə həyata keçirilən iqtisadi inkişafın səviyyəsindən danışdı və bu işlərdə bələdiyyələrin də böyük rol oynadığını vurğuladı.
Milli Məclisin deputatı Rüstəm Xəlilov görüşdə çıxış edərək Bələdiyyə institutunun yaranması, bələdiyyələrin yaranma mahiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. O çıxışında təbliğat və təşviqat işlərində hər bir partiya üzvünün siyasi mədəniyyətinin, insanlarla münasibətlərində intellektuallığının əsas olmasından söhbət açaraq hər bir namizədin əhali arasında hansı formada təbliğat aparacağını geniş izah etdi.
Saatlı rayonu
YAP Saatlı rayon təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş partiya fəalları ilə görüş keçirildi.
Görüşdə Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Rüstəm Xəlilov YAP Mərkəzi Aparatının məsul işçisi ramil Ramin Mirzəyev iştirak edirdilər.
Görüşü giriş sözü ilə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev açaraq bildirdi ki, Saatlı Seçki Dairəsi üzrə rayonda 36 bələdiyyə mövcuddur. 36 bələdiyyə üzrə 326 nəfər namizədliyini irəli sürüb. "Bələdiyyələrə irəli sürülmüş namizədlər arasında gənclər və qadınların sayı əvvəlki seçkilərə görə üstünlük təşkil edir." deyən YAP Saatlı rayon təşkilatının sədri bildirdi ki, təqvim planına uyğun olaraq bələdiyyə seçkiləri ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər, YAP tərəfindən namizədliyi irəli sürülən nümayəndələr müəyyənləşdirilib. Partiya tərəfindən irəli sürülən namizədlərin hər biri dairə seçki komissiyasında qeydə alınıb. Artq biz seçki kampaniyasına uğurla başlamışıq və namizədlərimizin qələbəsinə əminik."
Milli Məclisin deputatı Əhliman Əmiraslanov görüşdəki çıxışında bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi yeni bir qurum olduğunu diqqətə çatdırdı. "Bələdiyyələrə seçiləcək şəxslər yerli əhali ilə daha sıx münasibətlər qurmalı, yarana biləcək problemlərin aradan qaldırılmasında daha böyük səy göstərməlidirlər." deyən natiq vurğuladı ki, bundan sonra bələdiyyələr artıq xalqa xidmət edən bir quruma çevrilməlidir.
Ə. Əmiraslanov əmin olduğunu bildirdi ki, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatında birləşən minlərlə partiya üzvü, eləcə də, rayon seçicilərinin mütləq əksəriyyəti ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi xəttə sadiqdirlər.
Milli Məclisin deputatı Rüstəm Xəlilov çıxışında bildirdi ki, ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağına əminliyini bildirdi və bu məqsədlə namizədlərə uğurlar arzuladı. O, ötən illərdə bələdiyyələrin statusu, yerli ərazilərin quruculuq-abadlıq işlərində əhəmiyyətli rolundan danışdı. Bu təsisatın vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin inkişafında mühüm rola malik olduqlarını bildirdi.
Sonra seçki kampaniyasında bələdiyyələrə namizədlərin seçiciləri ilə görüşlərini necə təşkil edə biləcəklərini, seçki platformalarını seçicilərə necə təqdim edə biləcəkləri ilə bağlı müzakirələr aparıldı. Sonda namizədlərə seçkilərdə uğurlar arzulandı.
Bakının Xətai rayonu
YAP Xətai rayon təşkilatını yerliidarəetmə orqanlarına seçkilərdə təmsil edəcək namizədlərlə görüşlərdə seçicilərin ümumi rəyi belə oldu: 23 dekabrda elliklə Azərbaycanın tərəqqisi naminə səs verəcək, inkişafımızda xidmətləri olan iqtidar partiyasını dəstəkləyəcəyik
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı 23 dekabrda keçiriləcək yerli özünüidarəetmə oraqanlarına seçkilərin növbəti mərhələsi olan təbliğat-təşviqat kampaniyasını mütəşəkkilliklə davam etdirir.
Əhmədli kənd bələdiyyəsinə üzvlüyə namizədlərin seçicilərlə görüşündə də bələdiyyələrin ictimai həyatımızdakı rolundan, ölkədə aparılan quruculuq, abadlıq işlərindəki xidmətlərindən danışan YAP səlahiyyətli nümayəndəsi, partiyanın Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov ötən illərdə həyata keçirilən tədbirlərdən bəhs edərək bildirdi ki, bələdiyyələrin gördüyü işlərin əksəriyyəti onların ərazilərində yaşayan vətəndaşların sosial sifarişlərindən irəli gəlir: - Bələdiyyə seçkilərinə demokratiyanın tələblərinə uyğun hazırlaşan və siyasi kampaniyada mütəşəkkil vahid qüvvə kimi iştirak edən YAP-ın hər bir üzvü seçkilərə ciddi hazırlıq görür. Əhmədli kənd bələdiyyəsi üzrə qeydiyyatdan keçən 28 namizədin 13 nəfəri yerli özünüidarəetmə orqanında YAP Xətai rayon təşkilatını təmsil edəcək. Dekabrın 23-nə təyin olunan bələdiyyələrə dördüncü seçkilər də partiyamız üçün önəmlidir. Seçkiləri uğurla başa vurmaq üçün təbliğat- təşviqat mərhələsində demokratiyanın prinsiplərinə uyğun maarifləndirmə işləri sürətləndirilir, ayrı- ayrı məhəllələrdə fərdi və ümumi qaydada söhbətlər aparılır, insanların arzu və təklifləri öyrənilir. Ən layiqli namizədlərin qələbəsinin təmin olunması, genişlənən siyasi mübarizənin demokratiyanın tələblərinə uyğun təşkili əsas məqsəd və məramımızdır. Namizədlər irəli sürülərkən partiyanın əsas şüarı olan "Rifah və quruculuq naminə"" çağırışını doğrultmaq üçün onların potensialı, ictimai rəy nəzərə alınmışdır. Bələdiyyələrin fəaliyyətində vətəndaşlarla münasibətlərin yüksək səviyyədə qurulması böyük önəm daşıyır.
Yarandığı gündən dövlətin yaxından dəstəyini hiss edən, fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilik bazası möhkəmləndirilən yerli özünüidarəetmə orqanlarında gənclərin və qadınların sayının artması ulu öndərin ideyalarına sədaqətin nümunəsi olmaqla müasirləşən ölkəmizdə aparılan islahatlar və quruculuq işlərində yaxından iştirak etmək təşəbbüsü, demokratiyanın inkişafının göstəricisidir. Bələdiyyələrin icra hakimiyyətindən fərqi odur ki, bu orqanlar xalqın, seçicilərin rəyi, səsvermə zamanı göstərdiyi etimadla formalaşır. Əminik ki, seçicilər 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də düzgün seçim edərək xalqın partiyası olan YAP-ın üzvlərinə inam və etimadını ifadə edəcək.
Təşkilat sədri bildirdi ki, rayonun ərazisində aparılan və mütəşəkkilliklə başa çatdırılan imzatoplama kampaniyasında yaradılan obyektivlik, sərbəst düşünmə, rəyini müstəqil bildirmək imkanları demokratik islahatların təzahürü idi. Azərbaycanda hər kəs ona verilən seçki hüququndan səmərəli istifadə edir. YAP -nın namizədlərinə elliklə etimad göstərilməsi o deməkdir ki, mövcud iqtidarın davam etdirdiyi siyasət xalq tərəfindən dəstəklənir.
H. Mirələmov bildirdi ki, ötən seçkilərdə YAP inamını ifadə edən Azərbaycan xalqı Prezident İlham Əliyevin başçılıq etdiyi partiyanın namizədlərinə də eyni səviyyədə etimad göstərəcəklər: -Müxtəlif məhəllələrdə, tədris müəssisələrində təşkil olunacaq görüşlərdə Azərbaycanı dünya miqyasında tanıdan Prezident İlham Əliyevin başçılıq etdiyi YAP dəstəklənən ideyası, siyasi fəaliyyəti, ölkəmizin gələcəyi üçün nəzərdə tutulan proqnozları ilə bağlı söhbətlər aparılacaq. Ən əsası odur ki, YAP-nın qələbəsi naminə qüvvələr səfərbər olunub.
Həmişə olduğu kimi bu seçkilərdə də xalq ən çox inandığı namizədə etimad göstərəcək, vətəndaşı olduğu ölkəsinin, ailəsinin, övladının gələcək taleyini etibarlı əllərə tapşıracaq. Hər bir seçki məntiqin, zəkanın qələbəsi olduğu kimi milyonların iradəsinin ifadəsidir. YAP-ı təmsil edən namizədlərin seçkilərdə uğur qazanması isə hər bir partiya üzvünün fəallığından asılıdır: H. Mirələmov vurğuladı ki, Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyi, qazandığı iqtisadi,
siyasi, diplomatik uğurlar düşünülmüş daxili və xarici siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dəstəklənməsi dövlət başçımızın başçılıq etdiyi YAP-a inamın ifadəsidir. Əsas odur ki, seçici ictimai fəaliyyətinə bələd olduğu namizədə münasibət bildirsin, etimad göstərsin. Onların səmərəli xidmətlərini görən vətəndaşlar təbii ki, səsvermə zamanı ümummilli lider Heydər Əliyev ideyalarını yaşadan YAP-a, onun Sədri Prezident İlham Əliyevə etimad göstərməklə bu siyasətin davamına tərəfdar olduqlarını bildirəcəklər. Bələdiyyə üzvlüyünə namizədlərdən Bayram Xəlilov, Pərviz Quliyev, Toğrul Musayev, Afaq Qədirova, Aynur Qənbərova, Şahkərim Mikayılov, Rəqsanə Paşayeva, Kamil Əlihüseynov çıxış edərək son illərdə Azərbaycanın iqtisadi qudrətinin artması, insanların həyat səviyyəsinin, sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdə yaxından iştirak etməklə onlara göstərilən etimadı doğruldacaqlarını bildirdilər.
Çıxış edən seçicilər 23 dekabrda Azərbaycanı dünyada tanıdan Prezident İlham Əliyevin siyasətini dəstəkləyəcəklərini, onun başçılıq etdiyi YAP -ın namizədlərinə etimad göstərəcəklərini bildirdilər.
Bakının Yasamal rayonu
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının namizədləri ilə görüşdə iştirak edən seçicilər bildirdilər ki, yerli özünüidarəetmə orqanlarına seçkilərdə mövcud dövlət siyasətini dəstəkləməklə YAP-a inamlarını ifadə edəcəklər
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının bələdiyyələrə seçkilərlə bağlı təbliğat kampaniyası davam edir. Seçicilərlə növbəti görüşü giriş sözü ilə açan Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov bildirdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə keçirilən ilk seçkilərlə yaradılan, ötən illərdə formalaşıb daha da təkmilləşən yerli özünüidarəetmə sistemi qısa müddətdə xalqın inamını qazandı. İctimaiyyət tərəfindən rəğbətlə qarşılanan bələdiyyələrin Azərbaycanda həyata keçirilən demokratik, siyasi-iqtisadi islahatların tətbiqində uğurlu iştirakı, vətəndaş cəmiyyətinin formalaşmasına bir struktur kimi öz töhfəsini verməsi yerli özünüidarəetmə oranlarına ümümxalq inamını artırdı. İlk mərhələdə yeni struktur olduğu üçün müəyyən çətinlik və problemlərlə üzləşən bələdiyyələr zaman keçdikcə qabaqcıl təcrübədən bəhrələnərək ən müasir metodlarla işləmək prinsiplərinə yiyələndi, fəaliyyətini xalqın istək və arzularına əsasən təkmilləşdirdi : - Belə bir qanunauyğunluq var: Həyati məsələlər bütün səviyyələrdə səmərəli idarəetmə sisteminin formalaşdırılması ilə həllini tapır. Bu baxımdan dövlətin demokrtatiya istiqamətində apardığı islahatlara uyğun yaradılan bələdiyyələrin fəaliyyəti beynəlxalq təcrübəyə uyğun olmaqla ölkədə həyata keçirilən məqsədyönlü siyasətin bir parçasıdır. Seçkidən-seçkiyə təkmilləşən bələdiyyələrin fəaliyyətini daha səmərəli təşkil etmək üçün əhali arasında aparılan maarifləndirmə, seçki texnologiyasına uyğun təbliğat-təşviqatın böyük əhəmiyyəti var. Seçkiqabağı keçirilən belə görüşlərin təşkilində də məqsəd insanların arzu və təkliflərini öyrənmək, bələdiyyə üzvlüyünə namizədlərlə seçiciləri tanış etməkdir.
Ölkədə aparılan quruculuq işlərindən bəhs edən YAP Yasamal rayon təşkilatı sədrinin müavini Tağı Əhmədov bütün sahələrdə aparılan islahatların uğurla nəticələndiyini diqqətə çatdıraraq vurğuladı ki, yerləşdikləri ərazilərdə vacib problemlərin həllində iştirak edən bələdiyyələrin səlahiyyətlərinin artırılması bu strukturlara inamın nəticəsidir. Ölkə miqyasında aparılan islahatların tətbiqində YAP-ın böyük xidmətləri olduğu kimi yerli idarəetmə orqanlarında partiyanı təmsil edən nümayəndələr də əhali arasında böyük hörmət qazanmış, məhəlli problemlərin həllində yaxından iştirak edirlər: -Yerli özünüidarəetmə orqanlarında gənclərin və qadınların sayının artması Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ideyalarına sədaqətin nümunəsi olmaqla daim gəncləşən partiyada demokratiyanın inkişafının göstəricisidir. Bələdiyyələrin icra hakimiyyətindən fərqi odur ki, bu orqanlar xalqın, seçicilərin rəyi, səsvermə zamanı göstərdiyi etimadla formalaşır. Xalq isə ölkədə iqtisadiyyatın dinamik sürətlə inkişafını təmin edən siyasətə münasibətini ötən seçkilərdə YAP-ı dəstəkləməklə bildirmişdir. Əminik ki, seçicilər 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də düzgün seçim edərək xalqın partiyası olan YAP-ın üzvlərini dəstəkləyəcək. Milyonların partiyası olan YAP-ın təbliğat-təşviqat kampaniyasını " Rifah və quruculuq naminə" çağırışı ilə davam etdirməsi təşkilatın proqramına uyğun olmaqla xalqla birliyinin təzahürüdür. Son illərdə ölkə miqyasında aparılan islahatlar Azərbaycanın iqtisadi qüdrətini möhkəmləndirdiyi kimi əhalinin sosial müdafiəsini də gücləndirmişdir.
Bildirildi ki, cəmiyyətin strukturlarından biri kimi bələdiyyələrin bu inkişafda, ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərində önəmli payı var. Artıq bələdiyyə idarəçiliyi sistemində kifayət qədər irəliləyiş var və müəyyən təcrübə toplanılmışdır. Bələdiyyələrin hüquqi bazası möhkəmlənmiş, nüfuzu artmış, əhalinin yerli özünüidarəetmə orqanlarına inamı çoxalmışdır. İnamla deyə bilərik ki, görülən işlərdə YAP-ın rolu xüsusilə diqqət çəkir. Respublika miqyasında həyata keçirilən islahatların nəticələri göz qabağındadır. Azərbaycan iqtisadi göstəricilərinə görə dünya dövlətləri arasında liderlik mövqeyini qoruyur. İnsanların həyat şəraiti ildən-ilə yaxşılaşır. Əhali arasında yoxsulluq səviyyəsinin 5 faizə enməsi dövlətin məşğulluq strategiyasının uğurlu həlli bu inkişafın göstəricisidir. Ürək açan uğurların qazanılması isə Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasətin bariz nümunəsidir. YAP-ın üzvləri bələdiyyələrin işində də yaxından iştirak edir, yerləşdikləri ərazilərdə səliqə-sahman yaradılmasında, xeyirxahlıq aksiyalarının keçirilməsində fəallıq göstərirlər. Buna görədir ki, yarandığı
gündən prezident, parlament, bələdiyyə seçkilərini qələbə ilə başa vuran YAP 23 dekabrda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərə də qələbə əzmi ilə hazırlaşır.
Bələdiyyə üzvlüyünə namizədlərdən Ülviyyə Əliyeva, Samirə Aslanbəyli, Gülnarə Quluzadə və başqaları çıxış edərək bələdiyyə üzvlüyünə namizədlər arasında gənclərə və qadınlara üstünlük verilməsini yeni nəslə diqqət və qayğının nümunəsi kimi dəyərləndirərək dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Onlara göstərilən etimadı təmsil olunduqları Yeni Azərbaycan Partiyasının adına layiq doğruldacaqlarına söz verdilər. Namizədlərlə tanış olan seçicilər onlara istək və arzularını çatdıraraq qətiyyətlə bildirdilər ki, YAP-a etimad göstərəcək, mövcud dövlət siyasətini dəstəkləyəcəklər.
Masallı rayonu
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının seçki qərərgahı 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əaqədar təbliğat-təşviqat tədbirlərini davam etdirir. Azərbaycan Respublikasının seçki məcəlləsinin tələblərinə və təsdiq edilmiş təbliğat-təşviqat tədbirlərinin qrafikinə uyğun olaraq dünən Seçki Qərargahının üzvləri Aygün Quliyeva, Məmmədağa Şiriyev, Gənclər Təşkilatının sədr müavini Cəlal Əliyev və digərlərinin iştirakı ilə Hişkədərə kəndində görüş keçirilib.
İlk olaraq çıxış edən qərargah üzvü Aygün Quliyeva Azərbaycanda bələdiyyə strukturunun formalaşması və tarixindən geniş bəhs edib. Ötən dövr ərzində bələdiyyələrin böyük təcrübə əldə etdiyini söyləyən A.Quliyeva əmin olduğunu vurğulayıb ki, bu seçkilərdən sonra formalaşacaq bələdiyyələr daha effektiv və səmərəli fəaliyyəti ilə dövlətimizin inkişafı prosesində layiqli yer alacaq.
Seçki Qərargahının digər üzvü, Masallı Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev çıxış edərək bələdiyyələrin vətəndaşlara ən yaxın olan yerli idarəetmə orqanı kimi gündəlik həyatımızdakı yerinin danılmaz olduğunu bildirib: "Bu mənada bələdiyyələrin inkişafının daima diqqət mərkəzində saxlanılması, maddi-texniki bazasının yaxşılaşdırılması, demokratik dəyərlərə və beynəlxalq standartlara cavab verən hüquqi bazasının formalaşdırılması sistemli olaraq davam etdirilməlidir. Bu proseslərin effektivliyi və səmərəliliyi isə yalnız iqtisadi və siyasi cəhətdən güclü, stabil dövlətin himayəsi sayəsində mümkün ola bilər.
Prezidentimiz tərəfindən aparılmış siyasi və iqtisadi islahatlar vətənimizin simasını tanınmaz dərəcədə dəyişmiş, demokratik prinsiplərə əsaslanan azad cəmiyyətin qurulmasına stimul vermişdir". Sonda seçicilərdən çıxış edən kənd sakinləri Təranə Nemətova və Nicat Qurbanov hər seçkilərdə Yeni Azərbaycan Partiyasına səs verdiklərini, bu seçkilərdə də məhz YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildirdilər.
sia.az