YAP İsmayıllı rayon təşkilatı Seçki Qərargahı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərlə seçicilərin görüşünü keçirib. SİA Görüşdə millət vəkilləri Novruzəli Aslanov, Ərəstun Cavadov, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, vətənini, xalqını sevən, ona ləyaqətlə xidmət edən hər bir Azərbaycan vətəndaşına məlumdur ki, son 10 ildə ölkəmizdə aparılan islahatlar, regionların sosial – iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarının uğurlu icrası, sürətli sosial-iqtisadi inkişaf, genişmiqyaslı və çoxsaylı sosialyönümlü layihələrin tətbiqi, əhalinin rifahının yüksəldilməsi naminə atılan müsbət addımlar Azərbaycanı, güclü və qüdrətli respublikaya çevirmişdir:"Ötən illər ərzində bütün sahələrdə olduğu kimi, dövlət idarəçilik, o cümlədən vətəndaşlarla dövlət arasında vasitə və körpü rolunu oynayan bələdiyyələrlə iş sahəsində mühüm islahatlar aparılmış bu istiqamətdə özünü təsdiqləyən dünya təcrübəsində yeniliklərin tətbiqinə başlanmışdır. Bu yerli özünüidarə qurumunun yarandığı dövrdən ötən 15 il ərzində ölkənin inkişafında, cəmiyyətdə sosial əhəmiyyətli məsələlərin həllində layiq olduğu yeri tutmaq üçün səy göstərmiş, müəyyən inkişaf yolu keçmiş, təcrübə toplamışdır".
Ə.Vahabova qeyd edib ki, 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə YAP İsmayıllı rayon təşkilatı da yeni ab-hava, yeni keyfiyyət dəyişiklikləri ilə qatılıb. 17 nəfərdən ibarət Seçki Qərargahının yaradıldığını bildirən rayon təşkilatını sədri rayon üzrə 34 bələdiyyədə təmsil olunmaq üçün 298 bələdiyyə üzvünün hər birinə bir namizəd göstərildiyini vurğulayıb:"Namizədlərin 34 faizini qadınlar, 36 faizini gənclər təşkil edir. Namizədlər sırasında ali təhsillilər böyük əksəriyyət təşkil edir".
Bu ilki seçkilərə "Rifah və quruculuq naminə" seçki proqramı ilə getdiyimizi bildirən Ə.Vahabova partiyanın Seçki Proqramını əks etdirən bukletlərin bütün namizədlərə paylandığın bildirərək YAP-ın namizədlərinin bu proqramdan faydalanaraq, seçkilərdə qalib gəldikdən sonra öz fəaliyyətlərini ona istinadən quracaqlarına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən millət vəkili Novruzəli Aslanov qarşıdan gələn seçkilərin mahiyyəti, bələdiyyələrin ölkəmizdə həyata keçirilən demokratik islahatlardakı rolundan bəhs edib. Natiq YAP-ın regionda ən böyük siyasi qüvvə olduğundan, onun günü-gündən artan nüfuzundan danışaraq, bu seçkilərdə yenidən qələbə çalacağına əminliyini bildirib.
Görüşdə çıxış edən millət vəkili Ərəstun Cavadov əvvəlki illərdə keçirilən bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə Yeni Azərbaycan Partiyasının qadınlara və müasir texnologiyalardan istifadə etməyi bacaran, bilikli, savadlı gənclərə daha çox üstünlük verdiyini bildirib. Bununla da YAP özünün ümumxalq partiyası olduğunu bir daha sübut edərək, gənc kadrların potensialından faydalanmağı qarşısına məqsəd qoyduğunu görülən işlərlə sübut edib.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, bələdiyyə üzvlüyünə namizədlər Cümşüd Hacıyev, İsmayıl Tarverdiyev, Ruziyyə Çələbiyeva və başqaları çıxış edərək vurğulayıblar ki, ölkəmizin daha da inkişafı, xalqımızın rifahı naminə həyata keçirilən böyük layihələrin aparıcı, təkanverici siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu seçkilərdə də ictimaiyyət arasında hörmət sahibi, söz sahibi olan öz layiqli namizdədlərini irəli sürərək qələbə ruhunu, liderlik qətiyyətini bir daha nümayiş etdirib. Qeyd olunub ki, bu bələdiyyə seçkilərində də partiyanın layiqli qələbəsinə inanırıq.
sia.az