Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərlə Seçki Qərargahının üzvlərinin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Milli Məclisin deputatı, YAP Siyasi Şuranın üzvü, millət vəkili Rafiq Məmmədhəsənov, millət vəkili Sevinc Hüseynova, "Səs" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının baş məsləhətçisi Rafael Gülməmmədov iştirak ediblər.
Tədbiri Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev açaraq bələdiyyə seçkilərinə start veriləndən bu günə qədər görülmüş işlər barədə məlumat verib. Bildirib ki, seçkilərə start verildiyi gündən rayon təşkilatının Seçki Qərargahında ciddi hazırlıq işləri aparılıb: "Artıq dekabrın 1-dən 22-nə kimi namizədlərin təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi prosesi gedir. Yaradılan seçki qərargahı tərəfindən bu günə qədər bütün seçki prosedurları uğurla və Mərkəzi aparatın tapşırıq və tövsiyələrinə uyğun şəkildə həyata keçirilir. İnanırıq ki, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası xalqın inam və etimadı sayəsində qalib gələcəkdir".
Millət vəkili Rafiq Məmmədhəsənov Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. Bildirib ki, bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaradıb.
R.Məmmədhəsənov bütün gədəbəyliləri ölkəmizdə keçirilən bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də daha fəal olmağa, ölkəmizin əldə etdiyi nailiyyətlərdə bələdiyyələrin də rolunun olduğunu bildirib: "Ona görə də, xalqımız dövlətimizin daha da inkişafı naminə YAP-ın namizədlərinə səs verməlidirlər".
Millət vəkili Sevinc Hüseynova Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə dinamik inkişafa nail olunub. Millət vəkili, həmçinin, YAP-ın namizədlərinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandığını da bildirib.
"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafına mühüm töhfələr verir. "Səs" Media Qrupunun rəhbəri vurğulayıb ki, məhz bu faktorlar xalqımızın partiyamıza dəstəyini şərtləndirir. Bu isə nəticə etibarilə hər bir seçkinin sonunda öz ifadəsini tapır: "Bələdiyyə seçkilərində də xalqımızın, o cümlədən, daşkəsənlilərin YAP-ın namizədlərinə səs verəcəyinə şübhə etmirik".
sia.az