YAP Tovuz Tovuz rayon təşkilatında rayondan bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş namizədlərə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov açaraq seçki kompaniyası dövründə görülmüş işlər barədə məlumat verib: "Tovuz rayonunda 41 bələdiyyə üzrə 375 bələdiyyə üzvü yerinin hər birinə YAP tərəfindən namizədlər irəli sürülmüşdür. Onların hamısının namizədliyi DSK-ları tərəfindən qeydə alınmış və hər birinə namizədlik vəsiqəsi verilmişdir. Dekabr ayının 1-dən təbliğat kompaniyasına başlanmışdır və rayon təşkilatının Seçki Qərargahının nəzdində fəaliyyət göstərən qruplar lazımi seçki hərəkətlərinin icrasını uğurla davam etdirirlər".
Görüşdə YAP-dan Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən danışaraq bildirib ki, bu uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: "Bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası da inkişaf prosesinə öz töhfələrini verməkdədir. Ona görə də, bələdiyyə seçkilərində bu siyasətdə özünəməxsus yeri olan YAP-ın namizədlərinə səs verməliyik".
"SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadi cəhətdən böyük inkişaf yolu keçərək bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır: "Əlbəttə ki, bu inkişafın memarı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevdir. Bu gün Prezidentimizin Sədri olduğu YAP-ın fəaliyyəti də, məhz dövlətimizin daha da inkişafına, xalqımızın daha yaxşı yaşamasına yönəlib. Ona görə də, partiyamızın fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir. Biz inanırıq ki, bu bələdiyyə seçkilərində də seçicilər YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin inkişafına növbəti töhfəni verəcəklər".
Görüşdə YAP Mərkəzi Aparatının məsul işçisi Rafaeı Gülməmmədov iştrak edib.
sia.az