"ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdikləri birgə bəyanatda münaqişənin həlli ilə bağlı yeni heç bir fikir yoxdur". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov deyib.Onun sözlərinə görə, bəyanatda münaqişə yalnız dinc yolla həllini tapmalıdır, güc tətbiqi yolverilməzdir, gərginliyin azaldılmasına xidmət edən addımlar atılmalıdır, etimad mühiti bərpa olunmalıdır kimi köhnə yanaşmalar öz əksini tapıb: "Eyni zamanda Ermənistanın helikopter avantürasına münasibətdə yenə də tərəflər arasında bərabərlik işarəsi qoyulur. Belə halların baş verməməsi üçün təmasların davam etdirilməsinin vacibliyi qeyd olunur. Bu bəyanatda belə bir fikir diqqəti daha çox cəlb edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sülh prosesinə öz dəstəklərini bundan sonra da davam etdirəcəklər, ancaq, əsas məsuliyyət Azərbaycan və Ermənistan liderlərinin üzərinə düşür. Yəni, münaqişənin həlli ilə bağlı əsas addımların atılması tərəflərin üzərinə qoyulur. Ona görə də bu bəyanat da indiyə qədər verilən bəyanatların mətnindən heç nə ilə fərqlənmir".E. Nəsirov qeyd edib ki, heç bir halda bu bəyanatda Ermənistan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozmasına qarşı heç bir tələb qoyulmur: "Yenə də işğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoyulur. Hesab edirəm ki, belə bəyanatlarla münaqişə öz həllini tapa bilməz. Necə ki, indiyə qədər tapmayıb. Hər bir şey öz adı ilə çağırılmalıdır. İşğalçıya işğalçı deyilməli və o öz üzərində məsuliyyət hiss etməlidir ki, beynəlxalq hüquqda işğalçı ilə davranış tərzi var, ona qarşı sanksiyalar, embarqolar, lazım gələrsə, ona qarşı güc tətbiq edilə bilər. Bunların heç biri olmadığı təqdirdə və belə dişsiz bəyanatlarla Ermənistanın mövqeyini necə dəyişmək olar? Onu necə konstruktiv mövqeyə dəvət etmək olar? Ermənistan da görür ki, işğal faktını, status-kvonu qoruyub saxlayır, danışıqlarda heç bir güzəştə getmir. Belə olan təqdirdə həmsədrlər də bu şəkildə bəyanatlar verir. Bu bəyanatın hansı hissəsində Ermənistan tənqid olunub? Harada işğalçı sözü yazılıb? Hansı hissədə Ermənistanın işğal siyasətinə son qoyulması qeyd olunub? Status-kvonun dəyişməsi harada yazılıb? Bu kimi məsələlər qoyulmalı idi ki, bunların heç biri son bəyanatda öz əksini tapmayıb".Politoloq vurğulayıb ki, belə dişsiz bəyanatlarla münaqişənin həlli çox mürəkkəb məsələdir: "Təsadüfi deyil ki, ABŞ-ın məşhur Vudro Vilson Tədqiqat Mərkəzində aparılan dinləmələrdə onlar belə qənaətə gəliblər ki, Dağlıq Qarabağ münaqişəsi daha çox İsrail-Fələstin münaqişəsinə oxşamağa başlayır. Hesab edirəm ki, bu halda Azərbaycan Prezidentinin də dediyi kimi vəziyyətdən yeganə çıxış yolu güclənməkdən, güclənməkdən və güclənməkdən keçir. Son dərəcədə güclənməklə bu problemi özümüz, özümüzə inamımız, xalq və hakimiyyətin birliyi ilə həll edə bilərik".
yap.org.az