PDF Oxu

Siyasət

  • 30

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 4-cü plenumu keçirilib

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 4-cü plenumu keçirilib

Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələri tərəfindən əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi üzrə görülən işlərin müzakirəsi ilə bağlı dördüncü plenumu keçirilib.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxış edərək ötən plenumdan indiyədək qurumun gördüyü işlər haqqında məlumat verib. O bildirib ki, AHİK tərəfindən hazırlanan və bu ilin iyulunda sosial tərəfdaşlarla imzalanan 2014-2015-ci illər üçün Baş Kollektiv Sazişə əməyin mühafizəsinə dair bir çox yeni və perspektivli müddəalar daxil edilib: "Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin XVII konfransında qəbul edilmiş əsas istiqamətlər proqram sənədini əsas götürərək, sonrakı dövrdə MİHİ-nin Respublika Komitəsi, onun şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələri tərəfindən əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi istiqamətində müəyyən işlər görülüb. İlk növbədə həmkarlar ittifaqı təşkilatlarının metodiki bazasının möhkəmlənməsi, əyani vəsaitlərlə təmin edilməsi, həmkarlar ittifaqı fəallarının biliklərinin artırılması istiqamətində Respublika Komitəsi tərəfindən ardıcıl və məqsədyönlü işlər görülüb. Nəticədə əməyin mühafizəsi və sağlamlığın qorunması işi xeyli canlanıb. Hesabat dövründə Gəncə şəhər, Ucar, Yevlax, Şəki, Qazax, Zaqatala, Sabirabad, Göygöl, Xaçmaz, Quba, Siyəzən, Goranboy rayon komitələrinin təşkilatçılığı ilə əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə 2013-cü və 2014-cü ilin 9 ayı ərzində xidmətdə olan müəssisə və təşkilatlarda bir sıra reydlər keçirilib".

Plenumda qeyd edilib ki, AHİK İcraiyyə Komitəsinin 2013-cü il 24 oktyabr tarixli Qərarının icrası ilə əlaqədar xidmətdə olan müəssisə və təşkilatlarda Çernobıl qəzasının ləğvində iştirak etmiş 11 nəfərin siyahısı müəyyənləşdirilib, Çernobıl hadisələrinin iştirakçılarına və onların ailə üzvlərinə maddi və mənəvi köməyin göstərilməsi tapşırılıb. Tədbirdə çıxış edənlər həmkarlar ittifaqları komitələrinin qarşılaşdığı problemlər və bu problemlərin aradan qaldırılması yolları barədə danışıblar.

Sonda çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev komitənin son illərdəki fəaliyyətinin qənaətbəxş olduğunu və mövcud çətinliklərin aradan qaldırılması üçün daha gərgin əməyin tələb edildiyini vurğulayıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər