PDF Oxu

Siyasət

  • 30

Məzahir Pənahov: "Bələdiyyə seçkilərində namizədliklə bağlı müraciət edənlərin 99 faizi qeydə alınıb"

Məzahir Pənahov: "Bələdiyyə seçkilərində namizədliklə bağlı müraciət edənlərin 99 faizi qeydə alınıb"

Bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Bakı Ofisinin təşkilatçılığı ilə "Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri" mövzusunda İcra Hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün informasiya sessiyası keçirilib. SİA-nın xəbərinə görə, sessiyada Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirinin müavini Hüseyn Mövsümov, MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri Draqana Filipoviç və digərləri iştirak ediblər.Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, regionlarda bu qəbildən olan iki sessiya keçirilib. Onun sözlərinə görə, bu gün Bakıda keçirilən sessiya sonuncudur.MSK sədri söyləyib ki, Azərbaycanda bələdiyyə seçkilərinə maraq yüksəkdir: "Bu gün 37 min 100 nəfərdən çox namizədin adı bülletenlərə daxil edilib. Bu, keçən bələdiyyə seçkilərindəki namizəddən 7 min nəfər artıqdır. Keçən il hər bələdiyyə üzvlüyünə 2 namizəd vardısa, bu il hər bələdiyyə üzvlüyünə 2,5 namizəd var. Nəzərə alsaq ki, bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, deməli, bələdiyyə seçkilərinə maraq yüksəkdir, Namizədlərin taleyini seçki komissiyaları yox, seçicilər təyin etməlidir və MSK-da seçki qanunvericiliyə zidd olmayan bütün yanaşmalardan istifadə edərək seçkidə iştirak edənlərin iştirakına şərait yaratmağa çalışır. Azərbaycan ictimaiyyəti bunu yüksək dəyərləndirir. Bu seçkilərdə 300 nəfərə qədər namizəd qeydə alınandan sonra namizədlikdən imtina edib. Bələdiyyə seçkilərində namizədliklə bağlı müraciət edənlərin 99 faizi qeydə alınıb. Təsadüfi deyil ki, indiyə qədər MSK-ya 15 müraciət daxil olub, 14 müraciəti təmin etmişik. Bu, Azərbaycanda bələdiyyə seçkilərinə marağın yüksək olmasını, həm də istənilən şəxsə seçkidə iştiraka şərait yaradılmasının yüksək göstəricisidir. Səsvermə zamanı da nə seçicilərə heç bir əngəl yaradılmayacaq. İndiyə qədərki seçkilərdə də MSK-ya hər hansı şikayət daxil olmayıb. Namizədlərə onların nümayəndələrinə hansısa maneçilik törədilməyəcək. Artıq bütün seçki məntəqələri, dairə seçki komissiyaları seçkiyə hazırdır. Bu sahədə Avropa üçün nümunə ola bilərik. Azərbaycanda seçkilərdə müşahidəçi və digər statusla iştirak edən qonaqlar da bunu təsdiqləyirlər. Bizim yeganə narahat ola biləcəyimiz məqam seçicilərin seçkilərdə aktiv iştirakıdır. Bu sahədə maarifləndirici işlər aparılır, seçicilər seçkidə aktiv iştirak etməyə çağırılır. Seçicilərin seçkidə aktiv iştirakı üçün bundan sonra da əlimizdən gələn işləri görəcəyik. Avropa Şurası Regional və Yerli Özünüidarəetmə Konqresinin Azərbaycanda keçirilən bələdiyyə seçkilərinə müşahidəçilər göndərməsini istərdik. İndiyə qədər 10 minə qədər müşahidəçi qeydə alınıb. Hər məntəqə üzrə 3 müşahidəçinin olacağı gözlənilir. Ümumilikdə isə 30 partiyanın üzvü bələdiyyə seçkilərində namizəddir".M. Pənahov söyləyib ki, Azərbaycanın yolu insan hüquqlarına hörmət etməkdən keçir: "Azərbaycan demokratik dünyanın üzvüdür və bu mühitə xələl gətirməməyə çalışırıq. Azərbaycan kütləvi savadsızlığı aradan qaldırmaqla, digər addımları ilə dünyanın sivil xalqlarının heç birindən geri qalmır. Azərbaycan Prezidentinin mövqeyi demokratik, ədalətli seçkinin keçirilməsi ilə bağlıdır və biz də o mövqedən çıxış etməliyik. İkiqat diqqətli olmalıyıq".Tədbirdə MSK sədrinin müavini Natiq Məmmədov "Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri" mövzusunda təqdimatla çıxış edib.Çıxış edən Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirinin müavini Hüseyn Mövsümov bildirib ki, son 10 ildə Azərbaycanda seçki qanunvericiliyi təkmilləşdirilib: "2013-cü ildə keçirilən prezident seçkilərinin demokratik və xalqın dəstəyi ilə keçirilməsi tarixə gözəl səhifəsini yazıb. İstər yerli, istər də beynəlxalq müşahidəçilər bu seçkini demokratiya yolunda nailiyyət kimi qiymətləndiriblər".H. Mövsümov vurğulayıb ki, bələdiyyə seçkilərinin demokratik keçirilməsi ilə bağlı tapşırıq verilib: "Prezidentin tələbidir ki, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin qanunları pozaraq seçki prosesinə qarışmasının qarşısı ən kəskin şəkildə alınsın. Prezidentin tapşırığı ilə dairə seçki komissiyalarına normal iş şəraiti yaradılmasına xüsusi diqqət yetirilib, komissiyalar normal avadanlıqlarla təmin olunub. 2009-cu ildən bu işə xüsusi diqqət yetirilir və bu gün əminliklə deyə bilərik ki, dairə seçki komissiyaları müasir avadanlıqlarla təmin olunan müasir binalarda yerləşdirilib. Azərbaycanda seçki təbliğat və təşviqatı ilə bağlı 2837 yer müəyyən edilib. Bu yerlərdən 1436-ı qapalı, qalanı isə açıqdır. Təkcə Bakıda bununla bağlı 53 qapalı yer müəyyənləşdirilib. Son 1 ildə seçici siyahılarının dəqiqləşdirilməsi diqqət mərkəzində olub, real seçki siyahıları əldə edilib. Seçkilərdə ilk dəfə iştirak edəcək seçicilərin maarifləndirilməsi ilə bağlı gənclər üçün yerli icra hakimiyyətləri orqanları tərəfindən maarifləndirici tədbirlər təşkil olunub. Əgər ilk dəfə səs verəcək şəxslərdən şəxsiyyət vəsiqəsi almayanlar varsa, seçki gününə qədər bu şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsi təmin edilməlidir".Seçkilərinin səsvemə məntəqələrindən veb-kameralar vasitəsi ilə İnternet üzərindən canlı şəkildə izlənməsinin seçkilərin demokratik şəkildə keçirilməsi yönündə mühüm addım olduğunu vurğulayan H. Mövsümov qeyd edib ki, son prezident seçkilərinin yüksək səviyyədə keçirilməsində seçki komissiyalarının üzvlərinin böyük əməyi var: "Hər birinizin vəzifəsi budur ki, bu yüksək nailiyyəti qoruyaq, qanun pozuntularına yol verməyək. Ümumilikdə bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu bələdiyyə seçkiləri əvvəlki seçkilərdən fərqlənəcək. Artıq bələdiyyələr sosial məsələlərin həllində mühüm quruma çevriliblər. Torpaq vergisi və digər vergilərlə bağlı qəbul edilən qanunlar bələdiyyələrin imkanlarını genişləndirəcək. Kiçik bələdiyyələrin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılıb və bələdiyyələrin sayı 1607 olub. Birləşmiş bələdiyyələr bir neçə yaşayış məntəqəsini əhatə edəcək. Bələdiyyələrin effektiv işləməsi üçün layiqli üzvlər seçilməlidir. Biz fəal gənc və qadınların, yüksək səviyyəli mütəxəssislərin seçildiyi bələdiyyələrin formalaşmasını gözləyirik. Seçkilərin şəffaf və demokratik keçirilməsini istəyirik".Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, Avropada yerli özünüidarəetmə orqanlarına etimad azalır.Onun sözlərinə görə, hazırda Avropada yerli özünüidarəetmə orqanlarına etimad 50 faiz təşkil edir: "Ona görə də Avropa Şurası yerli və regional idarəetmə orqanları ilə əlaqələri artırmağa çalışır. Avropa Şurasının seçkilərlə bağlı Venesiya Komissiyası var və onun tövsiyələri diqqətlə dinlənilir. Venesiya Komissiyası standartları müəyyən edir və tövsiyələr verir. Venesiya Komissiyası 2008-ci ildə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyə verib. Seçki sahəsində Azərbaycanda çox böyük irəliləyiş əldə olunub, ancaq hər zaman bu sahədə təkmilləşdirmə işləri aparılmalıdır. Seçki mübahisələri bütün ölkələrdə baş verir. Seçki bir günlük məsələ deyil, bu böyük prosesdir. Onun 3- seçkiqabağı, seçki və seçkidən sonrakı mərhələləri var. Bütün bu mərhələlərdə şəffaflıq təmin olunmalı, namizədlərin mediaya çıxışı mümkün olmalıdır. Seçki komissiyaları seçki qanunvericiliyini tərtib etməlidir. Seçki komissiyaları bitərəf, obyektiv olmalı, hər hansı dövlət orqanlarının, siyasi partiyaların göstərişi ilə fəaliyyət göstərməməlidirlər".Draqana Filipoviç söyləyib ki, Azərbaycan və Avropa Şurası arasında 2014-2016-cı illə bağlı Fəaliyyət Planı həyata keçiriləcək: "Fəaliyyət Planında seçki qanunvericiliyinin beynəlxalq standartlarına uyğun olması, seçki mübahisələrinin seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun həlli də əksini tapıb. Mən ilk növbədə seçkilərin demokratik keçirilməsini arzu edirəm". Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirən N. Məmmədov qeyd edib ki, qanunvericiliyə görə yerli icra hakimiyyəti orqanları seçkiqabağı təşviqat və təbliğat üçün şərait yaratmalıdır. Onun sözlərinə görə, bunun üçün yerli icra hakimiyyəti orqanları qapalı və açıq yerlər müəyyən etməli, təşviqat materiallarının vurulması üçün yerlər müəyyənləşdirməlidir: "Azərbaycanda seçki komisiyaları və yerli icra hakimiyyəti orqanları arasında mükəmməl əməkdaşlıq qurulub. Seçkidə bu və ya digər pozuntunun olması istisna deyil. Məqsəd pozuntuların aradan qaldırılması və sayının azaldılmasına nail olmaqdır".Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbərinin müavini Teymur Məlikaslanov bildirib ki, Avropa Şurası Venesiya Komissiyası Ukraynada parlament seçkiləri ilə bağlı tövsiyələr verib, 2015-ci ildə bu sahədə işlər davam etdiriləcək. Məqsəd təkmil Seçki Məcəlləsinin yaradılmasıdır.Onun sözlərinə görə, Gürcüstanda seçki dairələri arasında əhalinin qeyri-bərabər bölünməsi problemi qalmaqdadır: "Azərbaycana gəlincə, daim seçkilərə müşahidəçilər dəvət olunur. Xüsusən Seçki Məcəlləsi Venesiya Komissiyasının tövsiyələri əsasında əsaslanıb. Seçkilər dönəmində Venesiya Komissiyası və MSK təlimlər təşkil edib. Venesiya Komissiyası şikayətlər üzrə təlimatın hazırlanmasında iştirak edib və 2013-cü ildə bu təlimat qəbul olunub. Venesiya Komissiyasının Azərbaycanda bağlı sonuncu rəyi 2004-cü ildə olub. Venesiya Komissiyasının son rəyində Azərbaycanda seçki komissiyalarının bütün maraqlı tərəflərin etimadının qazanmasının zəruri olduğu vurğulanıb. Venesiya Komissiyası Azərbaycanla əməkdaşlığı genişləndirməlidir, bu da Azərbaycandan asılıdır".MSK sədri Məzahir Pənahov qeyd edib ki, Azərbaycanda seçki ilə bağlı seçki komissiyalarından daha çox səlahiyyətli, eyni zamanda məsuliyyətli orqan yoxdur: "Səsvermə günü bizim hamımız alman dəqiqliyi ilə işləməliyik. Hamınızı bir gün alman dəqiqliyi ilə işləməyə dəvət edirik".Bununla da tədbir başa çatıb.

sia.az

Digər xəbərlər