YAP Yevlax rayon təşkilatında Azərbaycan Respublikasının bələdiyyə seçkilərinə partiya tərəfindən irəli sürülmüş namizədlərlə seçicilərin növbəti görüşü keçirilib.
Görüşdə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev və rayon təşkilatı qadınlar şurasının sədri, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əminə Əhmədova çıxış edərək bildiriblər ki, Yevlax rayon bələdiyyəsi seçici sayına görə ən böyük bələdiyyədir: "48 saylı Yevlax seçki dairəsi ərazisində yerləşən Yevlax şəhər bələdiyyə üzvülüyünə namizədlərə 20 saylı seçki məntəqəsində səsvermə keçiriləcəkdir. Yeni Azərbaycan Partiyası Yevlax rayonu üzrə 267 yerə 267 nəfər partiya fəalının namizədliyini irəli sürmüşdür ki, bunlardan 17 nəfərin namizədliyi məhz Yevlax rayon bələdiyəsi üzrədir". Çıxış edənlər onu da vurğulayıblar ki, Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrində olduğu kimi, bələdiyyə sektoru da sürətlə inkişaf edir: "Xalq tərəfindən seçilən insanların fəaliyyətini bu sahədə həm dövlətimiz, həm də vətəndaşlarımız dəstəkləyir, onlara bu yolda yaxından köməklik göstərirlər. Məhz bunun nəticəsidir ki, bu gün bələdiyyə üzvülüyünə namizədlərin tərkibi gənclər və qadınların üstünlüyü ilə yenilənir və daha da zənginləşir".
Görüşün sonunda çıxış edənlər bələdiyyə üzvlüyünə namizədlərə uğurlar arzuladılar.
A.SƏMƏDOVA