Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının bələdiyyələrə seçkilərlə bağlı təbliğat kampaniyası davam edir. Dünən bələdiyyəyə namizədlərlə seçicilərin növbəti görüşü keçirilib. Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Azadə Rəssam ötən illərdə həyata keçirilən tədbirlərdən bəhs edərək bildirib ki, bələdiyyələrin gördüyü işlərin əksəriyyəti onların ərazilərində yaşayan vətəndaşların sosial sifarişlərindən irəli gəlir: "Bələdiyyə seçkilərinə demokratiyanın tələblərinə uyğun hazırlaşan və siyasi kampaniyada mütəşəkkil vahid qüvvə kimi iştirak edən YAP-ın hər bir üzvü seçkilərə ciddi hazırlıq görür. Dekabrın 23-nə təyin olunan bələdiyyələrə dördüncü seçkilər də partiyamız üçün önəmlidir. Seçkiləri uğurla başa vurmaq üçün təbliğat-təşviqat mərhələsində demokratiyanın prinsiplərinə uyğun maarifləndirmə işləri sürətləndirilir, ayrı-ayrı mərhələlərdə fərdi və ümumu qaydada söhbətlər aparılır,insanların arzu və təklifləri öyrənilir. Ən layiqli namizədlərin qələbəsinin təmin olunması, genişlənən siyasi mübarizənin demokratiyanın tələblərinə uyğun təşkili əsas məqsəd və məramımızdır. Namizədlər irəli sürülərkən partiyanın əsas şüarı olan " Rifah və quruculuq naminə" çağırışını doğrultmaq üçün onların potensialı ictimai rəyi nəzərə alınmışdır".
R.Azadə, həmçinin vurğulayıb ki, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP-ın namizədlərinə etimad göstəriləcəyi şəksizdir.
Tədbirdə bələdiyyə üzvlüyünə namizədlərdən Ağayev Teymur, Maxsudova Fidan, Şahbazov Ruslan və başqaları çıxış edərək Azərbaycanın iqtisadi qüdrətinin artması, insanların həyat səviyyəsinin, sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdə yaxından iştirak etməklə onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər. Çıxış edən seçicilər 23 dekabrda Azərbaycanı dünyaya tanıdan Prezident İlham Əliyevin siyasətini dəstəkləyəcəklərini, Onun Sədrlik etdiyi YAP-ın namizədlərinə səs verəcəklərinə əminliklərini söyləyiblər.
R.KAMALQIZI