Politoloq Mübariz Əhmədoğlunun proqnoz verə bilmədiyi məsələ
"Dünyanın başqa xalqlarından fərqli olaraq ermənilərlə ABŞ Dövlət Departamenti arasında bir korrupsiya sxemi var. Ona görə də ABŞ-ın Azərbaycana təyin etdiyi yeni səfirin necə olacağı çox çətindir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq hesab edir ki, Azərbaycanla bağlı məsələlərlə məşğul olan amerikalı diplomatların ermənipərəst mövqe tutmalarında ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri üzrə kuratoru Mari Yovanoviçin "xüsusi" xidmətləri var: "ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri üzrə kuratoru Mari Yovanoviç özünün serb mənsubiyyətini ABŞ diplomatı mövqeyindən üstün tutur. Ona görə də həm Ermənistan prezidenti Serj Sarkisyana Dağlıq Qarabağ məsələsində mövqeyini yumuşaltmağa, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına imkan vermədi. Bundan başqa ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyirdi ki, Ağdam Azərbaycan ərazisidir. Dağlıq Qarabağ ətrafındakı ərazilər təcili Azərbaycana qaytarılmalıdır. Həmin Heffern helikopter vurulanda bildirdi ki, ora Azərbaycan ərazisi deyil. Niyə? Çünki, Mari Yovanoviç elə göstəriş vermişdi. Yəni lazımi məqamda aşkar ermənipərəstlik etməli idi. Ona görə də hesab edirəm ki, ABŞ Dövlət Departamenti nə deyəcəksə, Robert Sekuta da həmin işi görəcək. Bu səbəbdən də ABŞ-ın Azərbaycana təyin etdiyi yeni səfirin necə olacağı, ABŞ-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacağını demək çox çətindir.
sia.az