"ATƏT-in Minsk qrupunun həmsədrləri gah Yol xəritəsi hazırlayır, gah da Böyük Sülh Sazişinin bağlanmasının vacibliyini vurğulayırlar. Əslində məsələnin kökündə heç bir mahiyyət dayanmır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Millət vəkili qeyd edib ki, Böyük Sülh Sazişinin bağlanmasına çağırışlar Dağlıq Qarabağ münaqişəsinin həllini daha bir il uzatmaq cəhdindən başqa bir şey deyil: "Münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilməyən həmsədr ölkələr baş qatmaq üçün bu fikirləri irəli atırlar. Məsələni Ermənistanın xeyrinə həll etmək üçün bu, onların növbəti cəfəngiyyatlarıdır. Birmənalı olaraq ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət nəticə əldə etmək niyyətində deyil".Elman Məmmədov həmçinin Minsk qrupunda təmsil olunan üç həmsədr ölkə nümayəndəsinin bir-birinə düşmən mövqedə dayandığını da vurğulayıb: "Məhz bu baxımdan da hər hansı bir problemin həllində eyni fikirə gəlməkləri real görünmür. Bunların hərəsinin özünə aid maraqları var. Buna görə də, bu qurum heç vaxt uğur qazana bilməyəcək".Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində 4 dekabr tarixində Bazeldə verilən bəyanatda Böyük Sülh Sazişi üzrə tez bir zamanda danışıqlara başlanmasının vacibliyi vurğulanıb.
sia.az