Müsavat başqanlığına keçmiş namizəd, partiya sıralarından istefa vermiş Səxavət Əlisoy növbəti dəfə müxalifət liderlərini hədəfə alaraq, onları sərt tonda tənqid edib. SİA-nın verdiyi xəbərə görə, Səxavət Əlisoy şəxsi hesabında fikirlərini paylaşarkən deyib ki, müxalifət liderləri özlərini sultanlara bənzədirlər: "Üzdə olan müxalifət liderlərinin siyahısına nəzər yetirin. Parlamentdə bir neçə mandat əldə edən təşkilatları nəzərə almasaq, partiyaların heç biri son 20 ildə keçirilən seçkilərdə uğur əldə etməyib. Buna baxmayaraq, kimsə siyasi meydandan könüllü olaraq çəkilmir. Demokratiyadan dəm vura-vura başında dayandıqları qurumda hər bir lider öz potensialına uyğun sultanlıq sistemi yaradıb. 5-10 nəfər sultan bu 20 ildə bir dəfə də olsun, bir araya gəlməyə nail olmayıb. Enerjiləri ancaq müxalifətdaxili mübarizəyə sərf olunub. Sual olunur, nədən bu liderlər bir dəfə də olsun bir araya gəlib, dövlət başçısına görüş üçün müraciət etmir? Yaxud hansı müxalifət liderinin basqılara rəğmən daxili işlər, ədliyyə naziri, Ombudsmanla görüşdüyünü xatırlayırsınız?
Müxalifət liderləri siyasətlə deyil, iqtidar-müxalifət münasibətlərini gərginləşdirməklə məşğuldurlar. Bu baxımdan, onlar xalqa yalan danışırlar. Eynən sultanlar kimi yekə-yekə danışmaq təbii ki, iqtidar-müxalifət münasibətlərini gərginləşdirməkdən başqa bir şey deyil. Xalqa yalan söyləmək yetər. Hər kəs öz gücünə adekvat siyasət apararsa, nəsə bir uğurdan danışmağa dəyər. Yalan vədlər, təkəbbür, yekəxanalıq əvəzinə dürüst, obyektiv, səmimi olmaq gərəkdir. Mövcud güclə, mövcud siyasi reytinqlə bu iqtidara qalib gəlmək mümkün deyil. Bu güclə, bu siyasi reytinqlə yalnız gəvəzə siyasət yürütmək və ən başlıcası isə sultan kreslosunu möhkəmlətmək mümkündür".
sia.az