Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 11 il ötür. Buna baxmayaraq, bir əhəmiyyətli amil hər zaman Onun mövcudluğunu qorumaqdadır. O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayacaq, yaşadılacaq. Çünki öz müqəddəs əməli sayəsində Vətəni, xalqı uğrunda yorulmadan çalışmış Dahi Şəxsiyyət, Fenomen İnsan Heydər Əliyev ömrünü Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Bu da bir daha Ulu Öndər Heydər Əliyev ideyalarının əbədi və dönməz olduğunu təsdiqləyir.
Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Ulu Öndər Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, Onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Dahi Öndər Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Düşünürəm ki, insan daxilindən gələn səmimi bir istəklə Ulu Öndərlə bağlı fikirlərini nə qədər bölüşsə də Onun şəxsiyyətinin ucalığını tam əhatə edə bilməz.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Üummilli Lider və xalq məhəbbətini qazanan Öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan Dahi Liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz Böyük Azərbaycanlı idi.
Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. Müasir Azərbaycanın ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb ictimai-siyasi proseslər fonunda yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində Ulu Öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin əzmkar fəaliyyəti sayəsində suveren Azərbaycanın hərtərəfli tərəqqisinin əsası qoyulmuş, ölkəmiz istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də inkişaf prosesinin digər vacib sahələrində özünün yeni intibah mərhələsinə daxil olmuşdur. Azərbaycan xalqının yenidən öz hüquqlarını suveren şəkildə uğurla reallaşdırması məhz Ümummilli Liderin möhtəşəm fəaliyyəti sayəsində mümkün olmuş, ölkədə milli dövlətçilik konsepsiyasının əsası yaradılmışdır. 1990-cı illərin əvvəllərindən getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alınmış, yenicə müstəqillik əldə etmiş respublikamız iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Ulu Öndər Heydər Əliyev milli-ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər görməklə yanaşı, tarixi qərarlar da qəbul etdi. İlk növbədə 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıda törədilmiş qırğınlara siyasi qiymətin verilməsi haqqında qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi. Tarixi faktdır ki, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Keçmiş SSRİ-yə daxil olan respublikalarda öz müstəqillikləri uğrunda mübarizə aparan xalqlara həmin respublikaların rəhbərləri də bu və ya digər formada dəstək verdikləri halda, o zamankı Azərbaycan rəhbərliyi öz funksiyasını normal qaydada yerinə yetirə bilməyən mərkəzin təlimatlarını gözləyir və onun tapşırıqları əsasında hərəkət edirdi. Bu da Azərbaycan xalqının müstəqillik arzularının mərkəzin imperialist tapşırıqları əsasında boğulması ilə nəticələnirdi. Belə şəraitdən istifadə edən təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi həyəcan təbillərini daha da artırmışdı. Belə bir durum isə 1993-cü ilədək, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Ulu Öndərin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. O dövrdən başlayaraq, Azərbaycan xaos və anarxiya mərhələsini arxada qoyaraq, yeni inkişaf erasına daxil oldu. Bu yolda isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası əhəmiyyətli rol oynadı.
Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən inkişaf və tərəqqi strategiyasının mühüm istiqamətlərindən birini də müstəqil enerji siyasəti təşkil edir. Heç şübhəsiz, Ümummilli Liderin uzaqgörən enerji siyasətinin fonunda milli sərvətimiz milli mənafeyə yönləndirildi və bunun sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı daha da sürətləndi, eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandı və bununla da dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişin əsasını qoymuş oldu.
Dahi Öndər Heydər Əliyevin rəhbərliyilə həyata keçirilən siyasi strategiyanın fonunda milli təhlükəsizliyə real və potensial təhdid yaradan ünsürlərin neytrallaşdırılması, münasibətləri sürüşkən müstəvidə cərəyan edən qüvvələrarası antaqonist əlaqələrə son qoyularaq ümumi konsensusun əldə edilməsi, parlament və hökumət böhranı şəklində təzahür edən və mürəkkəb siyasi-hüquqi kataklizmlərlə müşayiət edilən daxili siyasi böhranın aradan qaldırılması və ümumilikdə ictimai-siyasi sabitliyin təmin edilməsi artıq qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu vəzifəsinin fonunda növbəti strateji istiqamətlərin müəyyən edilməsini diktə edirdi. Bu istiqamətlər sırasına siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, legitimləşdirmə tendensiyasının sürətləndirilməsi fonunda siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr aid idi. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ulu Öndər Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi.
Məhz sadalanan vəzifələrin yerinə yetirilməsi istiqamətində hüquqi-normativ bazanın yaradılması strateji əsas oldu. Beləliklə, xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı. Ana Qanunda bütün demokratik prosedurlar və prinsiplər öz əksini tapmış, eləcə də, insan və vətəndaş hüquq və azadlıqları geniş surətdə təsbit edilmişdi. Məhz bunların fonunda ictimai-siyasi institutlaşma prosesinə də start verildi. Ümumxalq səsverməsi - referendum əsasında ölkə konstitusiyasının qəbul edilməsindən sonra qarşıda duran ictimai-siyasi institutlaşma vəzifəsinin fonunda parlament seçkilərinin keçirilməsi istiqamətində strateji addımlar atıldı.
Sevindirici haldır ki, Ulu Öndərimiz Heydər Əliyevin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın Prezident İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir. Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib.
Bəli, bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Öndər kimi qalmışdır. Ümummilli Lider kimi Onun adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrü əhatə edən tarixinin rəmzinə çevrilmişdir. "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, Onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyən Ulu Öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan Onun layiqli davamçısı - dövlət başçısı, sevimli Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, strateji hədəflərə uğurla çatacaqdır.
MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədrinin müavini