PDF Oxu

Siyasət

  • 8

Ulu Öndər Heydər Əliyev siyasi dühası hər zaman hiss olunur

Ulu Öndər Heydər Əliyev siyasi dühası hər zaman hiss olunur

Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayır. Dünya şöhrətli siyasi xadim kimi, O, hər zaman xalq və dövlət amilini öz həyatından üstün tutmuşdur. Bu fikirləri Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı "Səs" qəzeti ilə bölüşən müsahiblərimiz Ulu Öndərin müəyyənləşdirdiyi müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını qeyd ediblər.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva:

- Ümummilli Liderimizin anım günü ərəfəsində bir araya gələrək, bu böyük şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, Dahi Öndər Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir.

Bu gün Ümummilli Liderimiz Heydər Əliyev təkcə ölkə vətəndaşları tərəfindən deyil, bütün dünya azərbaycanlıları tərəfindən anılır. Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Bu məqam Heydər Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri olması həqiqətinin hər kəs tərəfindən etirafıdır.

Bu gün bütün nailiyyətlərimizə görə, Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Çünki bu gün Azərbaycanı uğura aparan yol Heydər Əliyev ideyalarıdır və bu ideyaların davamçısı olan ölkə Prezidenti İlham Əliyev Cənablarının siyasətə sadiqliyidir. Azərbaycan bu gün Cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu yoldur. Davamı müstəqil Azərbaycan dövlətinin ömrü qədər sonsuz olan bu yolda hər bir fədakar vətəndaş Heydər Əliyev ideyalarına sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir. Bu, Azərbaycanın və Azərbaycan xalqının seçimidir. Dahi Öndər Heydər Əliyev, sözün əsl mənasında, xalqının, millətinin taleyi ilə yaşayan müstəqil Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək üçün rahatlıq tapmayan bir şəxsiyyət idi. Ömrünün qalan hissəsini də xalqına qurban verməyə hazır olan Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqın inamını doğrultmaq üçün yorulmadan çalışdı, Azərbaycanı müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsindən qurtardı. Təsadüfi deyil ki, Heydər Əliyevin xalqına, xalqın isə zəmanəmizin bu böyük şəxsiyyətinə inamı zərb-məsələyə çevrildi. "Heydər-Xalq, Xalq-Heydər!"

Bəli, belə bir birlik yaranmışdır. Azərbaycanın tarix üçün qısa bir müddətdə, başqa ölkələrin onilliklər boyu keçdiyi bir inkişaf yolunu cəmi bir neçə ildə keçməsi bu birliyin təntənəsi idi. Xalqımız öz böyük oğlunun xatirəsini daim əziz tutacaq, müəyyənləşdirdiyi yolla daha böyük zirvələr fəth edəcəkdir.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev:

- Bu gün Azərbaycanımızın günü-gündən çiçəklənməsinin səbəbkarı böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin nəticəsidir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə birinci gəlişi ilə ölkəmizin ən yeni tarixindən yeni bir tərəqqi mərhələsinin əsasını qoydusa, ikinci gəlişi ilə çətinliklə əldə etdiyimiz müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsinə şərait yaratdı. Məhz buna görə də, ömrünü xalqının yolunda şam kimi əridən Ümummilli Liderimiz Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək. Bu gün Azərbaycan dövlətinin və xalqının qazandığı nə qədər nailiyyətlər varsa, hamısının müəllifi yalnız Ulu Öndər Heydər Əliyevdir. Bu baxımdan da, Ulu Öndərin siyasi irsinin Azərbaycanda öyrədilməsi ən vacib məsələlərdən biridir. Doğma xalqının etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilən Cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlər əyani şəkildə göstərir ki, Ulu Öndərimiz Heydər Əliyevin ideyaları yaşayır və xalqın rifahını təmin edir. Bütövlükdə, son 10 il ərzində müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan xalqının qarşısında duran vəzifələri belə müəyyənləşdirmişdir: "Mənim bir məqsədim var - Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün iş görmək, Azərbaycanı müasir güclü ölkəyə çevirmək".

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev:

- Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Daxilən güclü, vətənpərvər və mətin liderə malik olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyildir. Hansısa əlverişli mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq ucalığına qovuşurlar.

Dərin zəka sahibi olan Ümummilli Liderimiz Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Müasir dövlətçilik tariximiz Ulu Öndər Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsi olmaqla, şanlı epoxa təşkil edir. Ulu Öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev böyük strateq kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi sistemdə ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. Çünki mübağiləsiz demək olar ki, keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, məhz Dahi Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi. Hər bir azərbaycanlı çalışmalıdır ki, yeni böyüyən nəslin yaddaşında Böyük Öndərimizin xalqımız qarşısında gördüyü xidmətlər əbədi olaraq həkk olunsun, onlar məhz Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda böyüsün.

R.HÜSEYNOVA

Digər xəbərlər