Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elektron akt zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyli dahi şəxsiyyətin misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı misilsiz rolundan danışıb. Bildirib ki, Azərbaycan Respublikası bütün sahələrdə sürətli inkişafa məhz müdrik siyasi xadimin böyük səyləri sayəsində nail olmuşdur.
Ulu Öndərin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu söyləyən akademik İ.Həbibbəyli azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu qeyd edib.
Ulu Öndər Heydər Əliyevin dünya miqyasında qəbul olunmuş böyük şəxsiyyət olduğunu söyləyən akademik İsa Həbibbəyli AMEA-nın tarixində də Ulu Öndərin xüsusi yeri olduğunu, Onun akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini vurğulayıb. Qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiyaya yeni həyat verilmiş, dövlət statusu adına layiq görülmüşdür: "Akademiya "Milli Elmlər Akademiyası" statusunu Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə qazanıb".
Akademik bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyev də Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə, o cümlədən akademiyaya olan münasibətdə davam etdirir.
Sonra "Yeni Yurd" Sosial İnkişaf ictimai Birliyi tərəfindən hazırlanmış Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Mən azərbaycanlıyam!" sənədli filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən institutun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, "Yeni Yurd" Sosial İnkişaf ictimai Birliyinin sədri Mahirə Əsədova, institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı və başqaları Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, idarəçilik məharətindən və zəngin mənəvi keyfiyyətlərindən geniş bəhs ediblər.
R.KAMALQIZI