Bu gün YAP Şirvan şəhər təşkilatının inzibati binasında partiyanın bələdiyyə seçkilərində namizədləri və fəal qadınları ilə görüş keçirilib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, görüşdə YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva iştirak edib. YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov görüşdə çıxış edərək yığıncaq iştirakçılarına qarşıdan gələn 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq barəsində məlumat verərək bildirib ki, Şirvan şəhər və Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsinə YAP-dan 26 nəfər partiya üzvünün namizədliyini irəli sürülüb: "Hal hazırda seçkilərə hazırlıq işlərimiz davam edir". YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə qadınlarla görüşdə çıxış edərək bildirib ki, hakim partiya olaraq bildiririk ki, bu il keçiriləcək bələdiyyə seçkilərində qadınların fəal iştirakını, bələdiyyə üzüvlüyünə namizədliklərinin verilməsini və qələbə qazanmaları eyni zamanda yerli özünü idarə etmədə yaxından iştirak etmələrini qarşımıza məqsəd olaraq qoymuşuq: "Qadınlar bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tuturlar və partiya olaraq YAP bu tendensiyanın genişlənməsi üçün zəruri tədbirlər həyata keçirir. Müstəqil Azərbaycan dövlətinin banisi ümummilli liderimiz Heydər Əliyev daim qadınların cəmiyyətdə mühim sahələrində fəaliyyətinə önəm verib və bu gün də bu strategiya partiyamızın lideri cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir". Vüqar Rəhimzadə çıxışında Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında keçdiyi tarixin ağır sınaqlarından, partiyanın ümumxalq partiyasına çevrilməsindən və cəmiyyətin ictimai siyasi həyatındakı rolundan geniş bəhs edərək şirvanlı YAP-çı qadınlara seçkilərdə fəal olmağa partiyanın qələbə qazanması və ölkəmizin davamlı dinamik inkişafında yaxından iştirak etmələrini tövsiyə edib. YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva öz növbəsində çıxış edərək siyasi həmfikirli qadınlara 23 dekabr seçkisində fəal olmağa və onlara yaradılan şəraitdən istifadə edərək yerli özünü idarəetmə orqanında, eləcə də digər sahələrdə dövlətimizi layiqincə təmsil etməyi arzulayıb. YAP fəallarından Nəmidə Nəmini çıxış edərək fikirlərini bölüşüb. Sonda YAP fəalları ilə müzakirələr aparılıb.
sia.az