23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. YAP Şəmkir rayon təşkilatının Seçki Qərargahının üzvlərinin və ərazi ilk partiya təşkilatlarının partiya fəallarının iştirak etdiyi növbəti görüşü YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək dördüncü seçkidən danışıb. F.Vəliyev çıxışı zamanı bələdiyyə seçkilərinin idarəetmə mexanizmində mühüm rol oynadığını, bələdiyyələrin Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd edib. Rayon təşkilatının sədri cari bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına və Şəmkir rayonunun bu seçkilərdə öncül yerlərdən birini tutacağına inamını ifadə edib.
Görüşdə Milli Məclisin üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizdə alternativsiz siyasi qüvvə olduğunu söyləyərək qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir: "Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuza malikdir. Bu gün 650 min nəfərdən çox üzvü olan partiyamız bütün ictimai-siyasi proseslərin önündə gedir. Yeni Azərbaycan Partiyası bu seçkilərdə yüksək faizlə qalib gəlmək əzmindədir və iqtidar partiyası həm də bələdiyyələrin işinin yüksəldilməsi üçün də səmərəli tədbirlər həyata keçirir. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür".
"Səs" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışı zamanı ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətə toxunaraq vurğulayıb ki, məhz dövlət başçısının uğurlu və məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında olmaqla yanaşı, Cənubi Qafqaz da lider dövlətdir: "Respublikamızın sürətli inkişafının nəticəsində xalqımız firavan həyat yaşayır. Bunu hər bir vətəndaş öz sosial həyatında da hiss edir. İnkişafa öz töhfəsini verən YAP-ın resurslarının ilbəil güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. Çünki YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. Məhz bunu əsas götürən Yeni Azərbaycan Partiyası "Rifah və quruculuq naminə" şüarı ilə bələdiyyə seçkilərinə gedir və seçkilərdə də qalib çıxacağı realdır".
B.Quliyev onu da vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu proses davam edir: "İnanıram ki, seçicilər hər zaman olduğu kimi bu dəfə də real işə qiymət verəcəklər".
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rəfayıl Gülməmmədov çıxış edərək bələdiyyə seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən bütün namizədləri təbrik etdi, partiyanın bu seçkilərdə zəfər çalacağını inandığını qeyd etdi və bələdiyyə seçkilərinin dünya miqyasında önəmindən, bir çox ölkələrdə bələdiyyə seçkilərində qələbəsinin növbəti seçkinin taleyini həll etməsindən danışıb: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ardıcıl, praqmatik siyasət bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son 10 ildə əldə olunmuş uğurların partiyanın ən böyük təbliğat vasitəsidir. Böyük inamla deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, bu seçkilərin də qalibi olacaq".
Təbliğat qrupunun üzvləri də öz çıxışlarında bildiriblər ki, bələdiyyələrin beşillik fəaliyyəti əhalinin etimadını qazanıb, bu da növbəti seçkilərdə bələdiyyə üzvlərinin seçilməsində ən vacib amildir və bu dəfə də seçkilərdə qalib gəlməklə rayonumuzun tərəqqisi, sosial-iqtisadi yüksəlişi, əhalinin rifahı naminə əzmkarlıqla çalışmaq, yerli özünüidarəetməni daha da inkişaf etdirməkdir.
RƏFİQƏ HÜSEYNOVA