PDF Oxu

Siyasət

  • 8

YAP Masallı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

YAP Masallı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

Dünən bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyə seçkilərində YAP Masallı rayon təşkilatı tərəfindən rayon bələdiyyələrinə namizədlikləri qeydə alınmış qadın namizədlərlə görüş keçirib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini, Gender və İqtisadiyyat İctimai Birliyinin sədri, YAP Sabail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova iştirak edib.

Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə ətraflı məlumat verib: "Rayon üzrə fəaliyyətdə olan 36 bələdiyyəyə 366 nəfərin namizədlikləri irəli sürülmüş və bunların da 99 nəfərini qadınlar təşkil etmişdir. Namizədlərin müdafiəsi üçün ərazilər üzrə təbliğat qrupları yaradılaraq onlara treninqlər keçirilib. Rayon təşkilatında seçki qərargahı yaradılıb, qərargah üzvləri arasında iş bölgüsü aparılıb və təşkilatın Seçki Qərargahı üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində ərazilərdə seçicilərlə görüşlərini davam etdirirlər. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bu seçkidə də parlaq qələbə qazanacaq, bələdiyyələrdə daha çox üzvlər təmsil olunacaq".

YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova çıxış edərək son illər Azərbaycanda dinamik inkişaf edən iqtisadiyyatdan söhbət açıb: "Azərbaycan dünya ölkələri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda Avropa miqyasında güclü inkişaf edən bir dövlətə çevrilib. Sözsüz ki, bu tərəqqinin əldə olunmasında qadınlarımızın da rolu böyükdür. Mən əminəm ki, Masallı rayonunun qadınları da respublikamızda və rayonda gedən iqtisadi inkişafa öz töhfələrini verirlər. Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlara bu siyasi marafonda uğurlar arzulayıram".

Görüşdə YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədr müavini, 70 saylı Masallı şəhər Dairə-Seçki Komissiyasından namizədliyi qeydə alınmış Mehparə Məmmədova çıxış edərək rayonun ziyalı qadınlarının Masallı rayonun inkişafında fəal iştirak etdiklərini qeyd edib: "2751 qadını öz ətrafında birləşdirən YAP Masallı rayon təşkilatının qadınlar şurası bütün seçkilərdə fəal iştirak edərək partiyanın irəli sürdüyü ideyaları həyata keçiriblər. Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülən qadınlarımız da əminəm ki, uğurlar qazanacaq və YAP-ın ətrafında sıx birləşəcək, Masallı rayonunun inkişafına öz töhfələrini verəcəklər".

Tədbirdə iştirak edən YAP Masallı rayon təşkilatı qadınlar şurasının üzvü Nigar Kərimova, namizədlərdən Əntiqə Tağıyeva və başqaları çıxış edərək YAP tərəfindən namizədliyi irəli sürülmüş qadınlara uğurlar arzulayıblar.

R.HÜSEYNOVA

Digər xəbərlər