Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayon icra hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Azərbaycanın müasir inkişafı Heydər Əliyevin əbədiyaşar ideyalarına söykənir" mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyev Parkında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edərək, abidənin önünə tər güllər qoyublar. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib və Ulu Öndərin zəngin irsini öyrənmək məqsədilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin sifarişi ilə hazırlanmış film nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 11 il ötür: "Azərbaycan dövlətçiliyinin xilaskarı, Ulu Öndər Heydər Əliyev şəxsiyyəti barədə söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətli və çətindir. Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, daim öyrənilməli və öyrədilməlidir. Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir".
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Orxan Ələkbərov çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoymuşdur.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Əlikram Abdullayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Milli Məclisin deputatları Ağacan Abıyev, Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış ediblər. Çıxış edənlər vurğulayıblar ki, taleyin hökmü ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xalqı xilas etmişdir.
Konfransa yekun vuran Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə həyata keçirdiyi möhtəşəm xidmətləri və fəaliyyəti ilə canlı əfsanəyə çevrilmiş Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, Onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir.
Konfrans Ulu Öndərin Azərbaycan xalqına ünvanladığı bu sözlərlə yekunlaşıb:"Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini möhkəmləndirin, Azərbaycanın daxili imkanlarından və potensialından səmərəli istifadə edin. Azərbaycan bundan sonra heç vaxt öz müstəqilliyini itirməyəcək. Yalnız və yalnız öz imkanlarını ortaya qoyaraq daha da möhkəm dövlətə çevriləcək, dünyaya günəş kimi doğacaqdır".
ZÜMRÜD BAYRAMOVA