Dünən Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatında bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının qadınlar şurasının sədri Ruqiyyə Seyidova seçkiyə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib və bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb. O dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qadınların dövlət idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının daim artdığını, bu seçkilərdə də fəal olacağına əminliyini ifadə edib. Rayon qadınlarının rayonun ictimai həyatındakı rolundan söhbət açan R.Seyidova bu ilin seçki kampaniyasında da qadınların əhali arasında təbliğatının yüksək olduğunu qeyd edib.
Bələdiyyə üzvlüyünə gənc namizəd Əfsanə Molulova, rayon qadınlar şurasının sədr müavini, həkim Dilbər Quliyeva çıxış edərək rayonda keçirilən bütün tədbirlərdə qadınların fəal rolundan, onların ictimaiyyət arasında olan yüksək mövqeyindən danışıblar.
Görüşdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü, YAP Nizami rayon təşkilatının qadınlar şurasının sədri Sevdaxanım Abdullayeva, YAP Qadınlar Şurasının üzvü, YAP Suraxanı rayon təşkilatının qadınlar şurasının sədri Zəkiyyə Musayeva çıxış edərək Azərbaycan qadınının ictimai-siyasi həyatda rolundan, keçirilən siyasi tədbirlərdə qadın aktivliyinin cəmiyyətə təsirindən danışıblar. Çıxışlarda vurğulanıb ki, Azərbaycan qadını ictimaiyyətçidir, qabaqçıldır, ölkənin siyasi həyatına təsir edəcək nüfuza malikdir.
Tədbirin sonunda yığıncaq iştirakçıları bir daha əminlik ifadə etmişlər ki, hər bir bələdiyyə üzrə müəyyən edilmiş yerlərin 30-40 faizini qadınlar təmsil edəcəkdir. Bunun üçün rayon qadınlarının iradəsi, fəllığı və seçicilər arasında nüfuzu vardır.
R.KAMALQIZI