Dekabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) ADU YAP Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, ilk öncə universitet rəhbərliyi və tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin universitetin foyesində yerləşən abidəsi önünə tər güllər qoyublar.Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə açıq elan edildikdən sonra ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov ulu öndər haqqında deyiləcək sözlərin tükənməz olduğunu bildirib. O, Heydər Əliyevin əziz xatirəsinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif məkanlarında anıldığını deyib. Azərbaycanlı gənclərinin öz keçmişlərini, tarixlərini, öz dahi şəxsiyyətlərini unutduqları təqdirdə gələcəklərini parlaq qura bilməyəcəklərini deyən prorektor müstəqilliyi qazanmağın deyil, onu qorumağın çətin olduğunu dilə gətirdi. Ümummilli lider Heydər Əliyevin müstəqillik yolunda danılmaz xidmətlərini diqqətə çatdırıb.Daha sonra Pedaqoji fakültənin tələbələri Nigar Qasımovanın ifasında Ülkər Qurbanovanın pianoda müşayiəti ilə "Sən elə bir zirvəsən..." mahnısı səsləndirilib. Pedaqoji fakültənin tələbələri Eldar Babayev və Şəhla Kazımovanın təqdimatında "Gəmilər gətirdi Bakıya səni" musiqisi dinlənilib. Filologiya və Jurnalistika fakültəsinin tələbələri Aysu Kərimova Zəlimxan Yaqubun "Mənim Marşalım" şeiri ifa edib, Aydın Səadətov "Küçələrə su səpmişəm", Adnan Süleymanov "Azərbaycan" mahnısını oxuyublar.Ümummilli lider Heydər Əliyevin ömür kitabının maraqlı məqamlarından ibarət videoçarx, o cümlədən "Elegiya" film kompozisiyası nümayiş olunub.Tədbirdə çıxış edən ADU YAP Gənclər Təşkilatının fakültə üzrə sədri Nərgiz Şərifova Azərbaycan gənci kimi Heydər Əliyevin gənclərə olan münasibəti, etimadı və inamından söz açıb. O, Heydər Əliyevin gənclərin inkişafı istiqamətində göstərdiyi xidmətləri xüsusi vurğulayaraq 1996-cı ildən ulu öndərin təşəbbüsü ilə Gənclər Forumunun keçirilməsi, yüksək ixtisaslı kadrların yetişdirilməsi məqsədilə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları üçün göndərilməsi, 1997-ci ildə Azərbaycan Gənclər gününün təsis edilməsi haqqında danışdı. Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına sadiq olduğunu deyən N. Şərifova ulu öndərin yolunu layiqincə davam etdirməkdə bütün səylərini göstərəcəklərindən əminliyini ifadə edib.
yap.org.az