Dünən Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev, rayon hüquq-mühafizə orqanları rəhbərləri, idarə-müəssisə rəhbərləri və çoxsaylı partiya fəalları iştirak ediblər. Tədbir ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklillərin, gül-çiçəklərin qoyulması ilə başlayıb.
Anım mərasimini giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə nəzər salaraq Azərbaycan dövlət müstəqilliyinin təməlinin möhkəmlənməsində Ümummilli Liderin rolunu diqqətə çatdırıb. O, qeyd edib ki, Heydər Əliyevin istər sovet dövründə, istərsə də dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə gördüyü işlər dövlətimizin çiçəklənməsinə xidmət edib:"1969-cu ildə Heydər Əliyevin Azərbaycanın Mərkəzi Komitəsinə Birinci Katib təyin edildiyi zamandan respublika durğunluq dövründən çıxaraq böyük sahələrdə inkişaf yolunu müəyyənləşdirdi. Azərbaycan dövlətinin bünövrəsi, məhz həmin illərdə qoyuldu. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dirçəliş yoluna qədəm qoyub, uğurlu nailiyyətlərə imza atdı. Azərbaycanın tarixinə adı Dahi Xilaskar, Böyük Qurucu kimi həkk edilən Heydər Əliyevin zəngin irsi, ideyaları müasir cəmiyyətimizin inkişafının ideya mənbəyi olmaqla yanaşı, möhtəşəm səfərbəredici amildir. Məhz Ümummilli Liderin siyasəti Azərbaycan əhalisində dövlətçilik şüurunu, milli mənlik qürurunu formalaşdırdı".
O, türk dünyasının Lideri Heydər Əliyevin uzaqgörən siyasi xəttinin bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən məqsədyönlü tərzdə həyata keçirildiyini vurğulayaraq, ölkəmizi uğurlu sıçrayışların müşayiət etdiyni bildirdi.
Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycanın inkişafında xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin dövlətin inkişafındakı roluna diqqəti yönəldib. O, qeyd edib ki, XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük Vətəndaş, Dahi Şəxsiyyət, Müdrik Siyasi Xadim, Əbədi Lider Heydər Əliyev respublikanın inkişafında irimiqyaslı layihələri gerçəkləşdirmiş, ölkənin ictimai-siyasi, mədəni həyatında müstəsna rol oynamışdır. M.Ağayev dünya siyasətinin tanınmış siması olan Ümummilli Liderin siyasi kursunun bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər iştirakçılar müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar. Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
NƏZAKƏT