Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünə daşkəsənlilər yüksək səviyyədə hazırlıqla gəlmişdilər. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin sərəncamına əsasən tədbirlər planı hazırlanmış, rayonda dekabr ayının 1-dən 10- dək anım günü Dahi Liderin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlərlə qeyd olunmuşdur. Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümyəndəliklərində anma tədbirləri keçirilmişdir. Ümumtəhsil məktəblərində inşa yazı, rəsm müsabiqələri, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, dəyirmi masalar, mədəni-maarif müəssisələrində kitab sərgiləri, foto-stendlər, oxucu konfransları və həyata keçirilən digər anım tədbirləri daşkəsənlilərin Ulu Öndər Heydər Əliyevə, Onun müqəddəs ideyalarına hörmət və ehtiramı olaraq iştirakçıların ürəyindən xəbər vermiş, onları Heydər Əliyevin şəxsi nümunəsində vətənə, xalqa, torpağa daha sədaqətli olmağa ruhlandırmışdır.
Dünən tədbirlərin davamı olaraq rayon ictimaiyyətinin 5000-dən çox nümayəndəsinin iştirakı ilə Ulu Öndərin rayon mərkəzində ucalan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, Dahi Rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Ə.Abıyev qeyd edib ki, Ulu Öndərimizin əbədiyyətə qovuşmasından 11 il ötür. Hər il olduğu kimi, yenə də respublikamızın bütün şəhər və rayonlarının nümayəndələri, paytaxt sakinləri, xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar Fəxri Xiyabana gələrək Azərbaycanın baş ziyarətgahında Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyir, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ümummilli Lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyəti hər bir vətəndaşı tərəfindən böyük məhəbbətlə sevilir, anılır, yaşanır və əbədi yaşayacaq da. Çünki millətinin inkişafı üçün onun başladığı dünyəvilik və müasirlik siyasəti, eyni zamanda quruculuq işləri bu gün sürətlə davam etməkdədir. Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, Onun dəyərli irsini artıq çoxdan örnək kimi qəbul etmişlər. İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir".
Ə.Abıyev onu da vurğulayıb ki, müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın: "Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. İqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş epoxası. Məhz bu dövrdə Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi, mədəni-mənəvi firavanlıgının əsasını qoydu. "Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib" - deyən Ümummilli Liderimizin ən başlıca keyfiyyəti xalqımıza xas olan milli-mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz qanını və canını sərf etməsi, bütün ömrünü millətin mədəni-mənəvi intibahına həsr etməsi idi"
Ə.Abıyev, həmçinin vurğulayıb ki, zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev də öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etmişdir. O, bu ölkənin - Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə, cəsarətlə söyləmişdir: "Mən fəxr edirəm ki, azərbaycanlıyam". Bu kəlmələri deyən Heydər Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl - Heydər Əliyev ideyalarından güc alan sönməz məşəli alovlandırmışdır.
"Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir"- fikrini söyləyən Ə.Abıyev onu da bildirdi ki, bu siyasəti son 11 ildə davam etdirən Prezident İlham Əliyev uğurla davam etdirmişdir: "XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür".
Rayon rəhbəri bildirdi ki, Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub: "Əlbəttə, bu yüksək göstəricilər Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır. 2014-cü il oktyabrın 17-si daşkəsənlilərin yaddaşında silinməz izlər buraxıb. Son illər sürətlə yeniləşən, abadlaşan Daşkəsən Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya qazandığı uğurların hesabatını verirdi. Daşkəsəndə gedən genişmiqyaslı quruculuq işləri, yolların abadlaşdırılması, infrastrukturun yenilənməsi, kəndlərin abadlaşdırılmasında aparılan məqsədyönlü tədbirlər sürətli inkişaf tempindən xəbər verir. Daşkəsən müasir tələblərə uyğun qurulur, əhalinin güzəranının yaxşılaşdırılması sahəsində önəmli tədbirlər görülür. Bütün bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin qayğı və dəstəyini hər an hiss edib, ondan faydalanmışıq".
Sonda mərasim iştirakçıları hüznlü musiqi sədaları altında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər.
RƏFİQƏ KAMALQIZI