PDF Oxu

Siyasət

  • 10

"Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası"nın əməli addımları

"Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası"nın əməli addımları

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyada yaradılmış "Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası"nın növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açaraq komissiya qarşısında duran əməli addımlardan ətraflı danışıb. Akademiyada yaradılmış "Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası" tərəfindən həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətini qeyd edən akademik İ.Həbibbəyli bu sahədə elmi-tədqiqat işlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Zəruri tarixi sənədlərin aşkara çıxarılıb kitab halında nəşr edilməsinin əhəmiyyətli məsələ olduğu bildirilib. Akademik İ.Həbibbəyli bu mövzuda akademiya üzrə bir sıra beynəlxalq tədbirlərin planlaşdırıldığını qeyd edərək, 2015-ci ilin birinci rübündə Tarix İnstitutunun bazasında "Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar" mövzusunda Bakıda və Qubada keçiriləcək beynəlxalq elmi konfransın vəzifələri barədə ətraflı söhbət açıb. Akademik konfransda Azərbaycanın tarixçi və arxeoloqları ilə yanaşı, dünyanın nüfuzlu alimlərinin də iştirakının nəzərdə tutulduğu diqqətə çatdırıb.

Müzakirələrdə AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov, Şərqşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Gövhər Baxşəliyeva, Folklor İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Muxtar İmanov, Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, fəlsəfə doktoru Aytən Mustafayeva və başqaları çıxış edərək, fikir və mülahizələrini bildiriblər. Alimlər tərəfindən kitabların nəşr edilməsi, yeni tədqiqat əsərlərinin cəmiyyətə təqdim olunması və beynəlxalq elmi konfranslarla yanaşı soyqırımlar mövzusunda rəsm sərgisinin keçrilməsi də təklif olunub.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər