Şabran rayon icra hakimiyyəti və YAP Şabran rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə rayonun Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirilib. Konfransdan öncə Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.
Konfransda Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək bildirib ki, Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən Ümummilli Lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırıb: "Bütün ömrünü dövlətinin, xalqının rifahı, intibahı üçün həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. Ulu Öndər öz titanik fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsil xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə sədaqət Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb".
Tədbirdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin, yeni milli ideologiyanın yaradıcı olan Ümümmilli Lider Heydər Əliyev "Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, dinimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir" - deyərək milli dəyərlərimizə, düşüncə və ideologiyamıza yeni çalarlar qatıb: "Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası öz bəhrələrini verməkdədir.
Konfransda rayon PŞ-nin rəisi, polis polkovniki Əli Mərdanov, rayon təhsil şöbəsinin müdiri Emin Mövsümov çıxış edərək bildiriblər ki, Azərbaycanın bugünkü bütün nailiyyətləri məhz Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olub. Əsası Dahi Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Sonda Ulu Öndərə həsr olunmuş film nümayiş olunub.
R.KAMALQIZI